Məmmədyarov institutda çıxış edib

memmedyarov-institutda-cixis-edib
Oxunma sayı: 714


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Çinin aparıcı elmi-tədqiqat müəssisələrinin tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.

E. Məmmədyarov çıxışı zamanı ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar, habelə icra edilən infrastruktur layihələri barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyəti barəsində danışan nazir coğrafi mövqeyin, geoloji və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. 

E. Məmmədyarov həmçinin ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəqliyyat infrastruktur və kommunikasiya layihələri barədə danışıb. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin əhəmiyyətini önə çəkən nazir bu layihənin mal dövriyyəsinin artırılması və regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradacağına əminliyi ifadə edib.

Azərbaycanın davamlı iqtisadi inkişaf göstəricilərinə malik olduğunu deyən nazir E. Məmmədyarov Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi maliyyə təsisatlarının hesabatlarında Azərbaycanın iqtisadiyyatının sabit və sağlam şəkildə xarakterizə olunduğunu qeyd edib və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası haqqında məlumat verib.

Nazir Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətinin nəticələrinə də toxunub. O, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal,  qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən  hələ də icra olunmadığını vurğulayıb.

E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın region ölkələri və Avropa İttifaqı ilə münasibətləri, Yaxın Şərq və Mərkəzi Asiya regionundakı vəziyyət, qlobal və regional proseslərlə bağlı ölkəmizin mövqeyinə dair tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.