Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olundu və ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının iqtisadiyyat, nəqliyyat, enerji, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.
Peter Siyarto Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyərək bu xüsusda Birinci Avropa Oyunları, Formula 1 Avropa Qrand Prisi və qarşıdan gələn İslam Həmrəylik Oyunlarını qeyd edib.
O, Azərbaycan və Macarıstan hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 6-cı iclasından məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan Elmar Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib.
Son xəbərlər
Son Xəbərlər