Məmmədyarov Pedro Aqramuntla görüşüb

memmedyarov-pedro-aqramuntla-gorusub
Oxunma sayı: 664

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, görüşdə AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edildi və tərəflər arasında konstruktiv dialoq və anlaşma şəraitində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. 

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycanın təşkilat ilə uğurlu əməkdaşlıq göstərdiyini bildirərək, əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.