Memorial.az saytında hansı məlumatlar yerləşdiriləcək?

memorialaz-saytinda-hansi-melumatlar-yerlesdirilecek
Oxunma sayı: 1374

Bu gün təqdimatı keçirilən Memorial.az-“Yaddaş Kitabı” saytında hansı bölmələrin olacağı və bazanı formalaşdıran informasiyalar barədə məlumat verilib.

“Qafqazinfo” xəbər verir ki, Memorial.az - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərimiz haqqında olan məlumatların mərkəzləşmiş qaydada bir yerdə toplanacağı saytdır.

Saytın yaradılmasında məqsəd şəhidlər barədə vahid data bazanın yaradılması, şəhidlərimizin xatirəsinin bir irs kimi qorunub saxlanılması, inkişaf etdirilməsi, onların şəxsiyyətlərinin əbədiləşdirilməsi və yayılması, nəsildən nəsilə ötürülməsidir.

Şəhidlər haqqında media orqanları müxtəlif materiallar yerləşdirsə də, bu sistemli deyil, pərakəndə xarakter daşıyır, bütün şəhidləri əhatə etmir. Memorial.az həmin pərakəndəliyi aradan qaldırmağa xidmət edəcək.

Bəzi şəhidlərin haqqında geniş danışıldığı halda, digərləri diqqətdən kənarda qalır. Məsələn, hazırda KİV-lərdə təxminən 1500-ə yaxın Vətən müharibəsi şəhidi haqqında materiallar gedib. Digərləri diqqətdən kənar qalıb. Bundan başqa, bir sıra hallarda məlumatlar arasındakı əlaqə, bağlılıq itir. Müxtəlif mənbələr şəhidlərin vəfat tarixi, şəraiti ilə bağlı fərqli məlumatlar dərc edirlər. Burada KİV-lərdən götürülən məlumatlarla yanaşı, barəsində məlumat getməyən şəhidlər barədə orijinal yazılar və videolar da hazırlanır.

İlkin mərhələdə sayt Vətən Müharibəsi-İkinci Qarabağ şəhidlərini əhatə edəcək. Materiallar hazırda Azərbaycan dilində hazırlanır və yerləşdirilir.  Sonradan onların paralel olaraq rus və ingilis dilinə tərcüməsi həyata keçiriləcək. Növbəti mərhələlərdə 2016-cı il hərbi qulluqçusu olan şəhidləri, atəşkəs dövrünün hərbi qulluqçusu olan şəhidləri, Birinci Qarabağ Müharibəsinin hərbi qulluqçusu olan şəhidləri, Ermənistan-Azərbaycan münaqişəsi gedişində həlak olmuş hərbi qulluqçu olmayan mülki şəhidlərin məlumatlarının sistemləşdirilərək yerləşdirilməsi nəzərdə tutulur.

Memorial.az-da şəhidlərimiz bir neçə üzrə qruplaşdırılıb. “Qəhrəmanlarımız” bölməsində əlifba sırası ilə bütün şəhidlər, keçdikləri döyüş yolu haqqında məlumatlar yerləşdirilib. “Təltiflər” bölməsində şəhidlər aldıqları medallara görə qruplaşdırılıblar. Burada hər medalın təsviri və ona layiq görülən şəhidlərin siyahısı verilir. “Axtarış” bölməsində bir neçə kriteriyaya görə (ad, soyad, ata adı, doğuluş və şəhadət tarixləri və s.) onları axtarmaq mükündür.

Saytda əks əlaqə imkanları yaradılıb – Əgər hansısa şəhidin haqqındakı məlumatda qeyri-dəqiqlik və natamamlıq varsa, oxucular, onun yaxınları redaksiya ilə əlaqə saxlayaraq, fikirlərini bildirə biləcəklər.

Saytın rus və ingilis dillərində fəaliyyət göstərəcəyi də nəzərdə tutulur.Sayt hazırlanarkən Birinci və İkinci dünya müharibəsində həlak olan insanlarla bağlı yaradılan analoji layihələrə, Rusiya və Avropa ölkələri və ABŞ-ın təcrübəsinə baxılıb.