Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimatı keçirildi - Video

memorialaz-saytinin-ve-yaddas-kitabinin-teqdimati-kecirildi
Oxunma sayı: 1600

Bu gün Bakıda Vətən müharibəsinin ildönümünə həsr edilmiş Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, 44 günlük Vətən müharibəsi yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan millətinin qanla və torpaqla yoğrulduğu epoxadır: "Cənab Prezidentin qeyd etdiyi kimi “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh və milli ləyaqətin təntənəsidir. Bu ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının BMT-nin 76-cı sessiyasındakı tarixi çıxışı XXI əsrin əsas paradiqmasına çevriləcək ümumbəşəri prinsip kimi ədalətə çağırışdır, hər bir azərbaycanlının düşündüyü və bütün dünyaya çatdırmaq istədiyi mesajdır. Ermənistanın münaqişə dövründə status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək, münaqişənin son 2 ili ərzində danışıqların formatını və mahiyyətini dəyişdirmək cəhdləri, ona qarşı sanksiyaların tətbiq edilməməsi və illər ərzində hökm sürən cəzasızlıq, 2020-ci ilin iyul-avqust aylarında törətdiyi təxribatlar 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni irimiqyaslı hücumu ilə nəticələndi. 

Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, hərbi-siyasi yollarla 30 illik münaqişəni həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır. 

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. 

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. 44 günlük Vətən müharibəsi XXI əsrdə dünya xalqlarının ədalətsizliyə qarşı ucalan ilk səsidir. Zəfərimizin sədasını hələ uzun müddət eşidəcəyik".

S. Yusifova qeyd edib ki, bir xalq üçün onun yaddaş kitabının nəşr edilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: "Şəhidlər mövzusu həmişə Azərbaycan xalqı üçün həssasdır. Memorial.az saytının yaradılmasında məqsəd pərakəndəliyi aradan qaldırmaq, hər bir şəhid haqqında məlumatları daha müfəssəl şəkildə çatdırmaqdır. Gələcəkdə Aprel döyüşləri və I Qarabağ müharibəsi şəhidləri haqqında da məlumatların burada yerləşdirilməsi nəzərdə tutulur".

***

Memorial.az saytının layihə rəhbəri Vüsal Məmmədov qeyd edib ki, saytın yaradılmasında məqsəd şəhidlər haqqında məlumatları bir nəşrdə birləşdirməkdir: ““Şəhidlər ölməz” sözü saytda öz virtuallığını tapacaq. Şəhid olan qəhrəmanlarımızın həyatı burada virtual şəkildə davam edir. Bu insanların həyatı sonsuza qədər davam edəcək və burada yazının son nöqtəsini qoymaq mümkün olmayacaq. Saytda əsas bölmə ”Qəhrəmanlar” bölməsidir. Burada da qəhrəmanların həyatları əks olunub”.

***

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxışında qeyd edib ki, Vətən müharibəsinin bir ili qarşısında Memorial.az-yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir: “2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır. Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib Vətən üçün eyni mərtəbəyə yüksəliblər. Dünən Bakının baş meydanında Prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər.

Bəli, Azərbaycan xalqı çox minillik tarixində yeni dövlət və millət təqviminin birinci ilini qeyd edir. Qara haşiyəyə alınmış tarix və məğlubiyyət səhifələri artıq qapanıb, 27 sentyabr Anım günü ilə Zəfərin mövludu başlayıb".

Günel Türksoy

Foto: Müzəffər İsmayılov