“Qafqazinfo”nun “Musavat.com”a istinadən məlumatına görə, hakim Rəşid Hüseynov və prokuror Fuad Musayev dəfələrlə Tofiq Yaqublunun sözünü kəsərək müdaxilə ediblər.
Əsas mübahisə Tofiq Yaqublu müharibə illərində cəbhə bölgəsində göstərdiyi şücaətdən danışarkən baş verib. Hakim onun sözünü kəsərək israrla Tofiq Yaqubludan işin mahiyyətindən danışmağı tələb edib. Vəkil Nemət Kərimli hakimə etiraz edərək təqsirləndirilənin öz şəxsiyyətini xarakterizə etmək hüququnun olduğunu bildirib.
REAL hərəkatının sədri İlqar Məmmədov prokurorun və hakimin davranışlarından əsəbiləşib və üzünü onlara tutaraq xəbərdarlıq edib: “Siz hamınız cəzalandırılacaqsınız. Siz hamınız 10-15 il yatacaqsınız. Fuad Musayev, şəxsən sən 15 il yatacaqsan”.
Hakim növbəti dəfə Tofiq Yaqublunun sözünü kəsərkən müsavatçı deyib: “Mən 7 il yatacam. Bəlkə 2-3 il də siz hədiyyə edəcəksiniz. Məni 2-3 dəqiqə dinləməyə səbriniz çatmır? Sizə bir sual verim. Siz - hakim və prokuror - nə vaxtsa bu hakimiyyətin qəzəbinə tuş gəlsəniz, özünüzü müdafiə edə biləcəyinizə inanırsınızmı?”
Hakim yenə də Tofiq Yaqublunun sözünü kəsib.
Məhkəmənin növbəti iclası martın 17-nə təyin olunub. Həmin gün təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənir.
Son xəbərlər
Son Xəbərlər