“Qəbələ”nin kapitanı Dodonun “Qafqazinfo”ya müsahibəsi:
- Çempionatda “İnter”ə məğlubiyyətdən sonra komanda özünə gələ bilib?
- Hər şey yaxşıdır. Artıq çempionatdakı məğlubiyyəti unutmuşuq. Avropa Liqasının qrup mərhələsi oyununa hazırlaşırıq.
- Deməli “Qəbələ” PAOK-la qarşılaşmaya hazırdır?
- Oyuna hazırlıq yüksək səviyyədədir. Fikrimcə, biz azərbaycanlı azarkeşlərə 4 mərhələ adlayıb qrupa düşməklə böyük sevinc yaşatdıq. Vəziyyəti belə saxlamalıyıq və qrupda da uğurla çıxış etməyə çalışmalıyıq. Geridə qoyduğumuz 4 mərhələdə çox yaxşı oyun göstərdik. Bu səviyyəni də qorumalıyıq. Qrup mərhələsinin ilk oyunu evdədir. Bundan istifadə edib qələbə ilə başlaya bilərik. İnanıram ki, yenə də sonda sevinən azərbaycanlı tərəfdarlar olacaq.
- Komandaya yeni transferlər olunub. Onların içində ən maraqlısı isə qrupda rəqibiniz olan PAOK-dan aldığınız Fakundo Pereyradır. Argentinalı hücumçu sabiq komandası haqqında sizə nə danışdı?
- Fikrimcə, Fakundo PAOK haqqında heç nə danışmayıb. Çünki rəqibi analiz etmək üçün videolara baxmaq olar. Amma belə çox ciddi nəsə olsa, yəqin öyrənərik. Argentinalı çox yaxşı oyunçudur. O gəlib ki, “Qəbələ”yə kömək etsin və komandamızın uğurunda rol oynasın. Hansı komandaya qarşı oynayacağımızın Fakundo üçün fərqi olmayacaq. Bundan əminəm.
- Ruslan Abışov yenidən komandanıza qayıtdı...
- Ruslan Azərbaycanda ən yaxşı oyunçulardan biridir. Çünki o, “Qəbələ”də olarkən komandaya çox xeyir verdi. İndi yenidən bura qayıdıb. Ümid edirəm ki, ilk “11-lik”də özünə yer edə biləcək.
- Amma ötən mövsümün sonunda sırf Roman Qriqorçuk onu komandadan göndərmişdi. Amma 3 ay sonra geri döndü. Buna bir kapitan kimi necə şərh verərdiniz??
- Mən həqiqəti bilmirəm. “Xəzər Lənkəran”la müqavilə bağlamışdı. Amma orda məlum səbəbə görə oynaya bilmədi və geri döndü. Onun komandaya yenidən qaytarılmasının səbəbini ancaq baş məşqçi deyə bilər. Roman Qriqorçuk nəsə bilir ki, Abışovu yenidən heyətə qaytardı.
- Ümumiyyətlə son yerli futbolçu transferləri bir az səs-küy yaratdı...
- Mən bilmirəm ki, niyə səs-küy yaradır. Əgər baş məşqçi transfer edirsə, bu seçimə qarışmaq lazım deyil. “Qəbələ” yoluna uğurla davam edəcək.
- Ümumiyyətlə Avropa Liqasının qrup mərhələsində neçə xal toplamağı hədəfləmisiz?
- Hədəfimiz hansısa xal toplamaq yox, növbəti mərhələyə adlamaqdır. Bütün oyunlara xal üçün çıxacağıq.
- Qrup mərhələsinə evdə PAOK-la start verməyi əhval-ruhiyyə baxımından sizin üçün yaxşı hal saymaq olarmı?
- İstənilən halda ilk oyunda qələbə qazanmaq əla olar. Amma sırf evdə PAOK-la start verdik deyə sevinirik desəm, yalan olar. Hər oyunda hər komandadan 11 oyunçu meydana çıxır. Kim yaxşı hazırlaşırsa, o da qalib gəlir. Sabah da biz əlimizdən gələni edəcəyik.
Elsevər
Son xəbərlər
Son Xəbərlər