“Yanvarın 10-da 9 fevral növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi mərhələsi başa çatdı. Milli Məclisdə təmsilçilik iddiasında olan 1000-ə yaxın namizəd artıq rəsmən qeydə alınıb. Bu proses yanvarın 17-nə qədər başa çatacaq və həmin tarixdən etibarən, seçkilərin ən maraqlı mərhələsi – təşviqat kampaniyası başlayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmov müəllif yazısında bildirib. O qeyd edib ki, bu mərhələ seçicilərin rəğbətini qazanmaq və onların öz seçimlərini müəyyənləşdirmələri baxımından, müstəsna əhəmiyyət daşıyır. Məhz bu mərhələdə namizədlər seçki rəqiblərindən daha layiqli və üstün olduqlarına seçiciləri inandırmağa çalışacaqlar.
“Ötən seçkilərin təcrübəsi göstərir ki, təşviqat kampaniyası heç də hər zaman etik çərçivələrdə aparılmır. Bu, əlbəttə, təəssüf doğurur. Əslində, parlament üzvlüyünə iddia edən şəxslər davranışlarına diqqət etməli, mənfi nümunə yaradan hərəkətlərdən çəkinməlidirlər. Heç kəs şübhə etməsin ki, haqlı və layiqli namizəd olduğunu seçicilərə göstərmək üçün digər rəqibləri aşağılamağa ehtiyac yoxdur. O yolla layiqli görünmək də mümkün deyil.
Çox inanıram ki, namizədliyimin qeydə alındığı 52 saylı Quba seçki dairəsində namizədlərin mübarizəsi gərgin, amma etik çərçivədə gedəcək. Mən öz tərəfimdən buna təminat verirəm. Ümid edirəm ki, həmin dairədən qeydə alınmış digər namizədlər də buna adekvat davranacaqlar”.
Son xəbərlər
Son Xəbərlər