Mən rüşvət qurbanıyam

men-rusvet-qurbaniyam
Oxunma sayı: 2259


Yeni dərs ilinin başlanmasına az qalıb. Bir azdan məktəblər, ali təhsil ocaqları yeni sakinlərini qarşılayacaq. O sinif otaqlarından, auditoriyalardan ayrılmış adamlar üçün nostalji başlayacaq yenə...

Kamyunun “Taun”undakı Ryö, Remarkın “Zəfər tağı”ndakı Ravik kimi həkimlərə qibtə etmişəm həmişə.Məşhur bir nevropatoloq vardı. Səhər obaşdan getsən belə, nahardan sonra qəbuluna güclə düşürdün. O qədər xəstə gəlirdi ki, yanına... Hamısını səbrlə, gülərüzlə dinləyir, “sənin heç nəyin yoxdu, yüngül müalicə yazacam, sağalacaqsan” kimi ümidverici sözlərlə yola salırdı. Şəfa tapırdı o xəstələr. Həmin həkim, xəstələrini həm də xoşxasiyyət olması, səmimiyyəti ilə müalicə edirdi. Bir gün bezdi həkim. Nədən bezdi, bilmirəm. Atdı sənətini, getdi uzaqlara. Amma xəstələri ondan əl çəkmirdi. Axtarırdılar onu.

İşinin peşəkarı olmaq belə şeydi...

Elə böyük ümidlərlə ibtidai siniflərə dərs demək istəyirdim ki. Oxudum. Ali təhsil aldım. Amma böyük ümidlərlə kənardan boylandığım orta məktəblərin birində dərs demək arzuma qovuşa bilmədim. Nə gizlədim, rüşvət, arzularımın, illərlə çəkdiyim əziyyətin üstündən çarpaz xətt çəkdi.

Dərs deyəcəyim şagirdlərə əyani vəsait kimi göstərəcəyim herbarilər, digər maraqlı albomlar indi diplomumla yanaşı evin hansısa küncündə saralır, köhnəlir...

Universitetə qəbul olanda necə sevinmişdim, ilahi?! Bir daha o cür sevinə bilmədim. İnanırdım ki, işini sevən, səbrli, pedaqogikanı, uşaq psixologiyasını yaxşı mənimsəmiş bir müəllim kimi savadlı şagirdlər yetişdirəcəm. Olmadı. İmkan vermədilər. İndi isə gecdi. Od sönüb, külü ilə oynamağa da həvəs yoxdu...

Yeni dərs ili başlayan zamanməktəbli balacalara baxıb fərəhlənəndə ali təhsil alıb müəllim ola bilməyənləri düşünüb, kədərlənirəm.

Arzularımdan biri belədir: kaş elə bir dövr gəlib çataydı ki, insanlar rüşvət qurbanı olmayaydı. Əziyyətlərinə, evin küncündə saralan diplomlarına baxıb heyfslənməyəydilər. 

Müəllimlik heç bir peşəyə bənzəməz. Balaca uşaqların əlindən tutub onlara hərf, rəqəm, hesab öyrətmək o qədər müqəddəs bir işdir ki! O hissi tələbə vaxtı təcrübi məşğələlərdə olanda yaşamışam. Bir udum xoşbəxtlik kimi...