Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Mübariz Məmmədovun epizodu üzrə dindirilmələr aparılır.
M.Məmmədov ifadə verərək ibtidai istintaqa ifadəsini təsdiqləyib: “Akif Çovdarov xidməti kabinetində məni döydü. Sonra isə Gömrük Hospitalında ürəyimdən əməliyyat olundum”.
Xatırladaq ki, M.Məmmədov ötən iclasda heç bir şikayəti və tələbinin olmadığını bildirib.
Prosesdə A.Çovdarovun səhhəti pisləşdiyi üçün fasilə elan olunub.
Qeyd edək ki, ittihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən general onun müştərisi olur və adamı Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşırlar. Bunun üçün də 300 min dollar beh verilir. Lakin sonradan bəlli olur ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi. Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M.Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.
A.Çovdarov istintaqa ifadəsində deyib ki, torpağın müştərisi özü olmayıb: “Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq, həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim.
Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.
***
Fasilədən sonra məhkəmə prosesi davam edib.
Zərərçəkən Mübariz Məmmədov deyib ki, polkovnik Səlim Məmmədov MTN-dəki görüş zamanı onu vurmayıb: “İstintaqda üzləşmə zamanı da bunu dedim. Amma sonra mənə təzyiqlər oldu deyə əsəbləşib onun məni vurduğunu yazdım. Əksinə, Səlim müəllim orada mənə su verdi, kömək etdi”.
Bu barədə “Qafqazinfo”ya S.Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib. A.Çovdarov M.Məmmədovun dediklərinə münasibət bildirib: “Mübariz, sən öz işlərinlə bağlı dəfələrlə mənə müraciət etmisən, kömək də etmişəm. Qardaşınla da münasibətimiz var. Sənin ofisin də mənim evimin yanındadır. Yəni, məni tanıyıran. Özün də bilirsən ki, sənin olmayan torpağa beh almısan. Rafiq də bizim ortaq tanışımız olub. Mən də səni bir tanış kimi çağırmışam ki, gəl, məsələni həll edək. Onsuz da torpağı səndən alıb nazirliyə vermişdilər. İşi də Rafiq həll etdi, torpağı da geri aldı, sənə pul da verdi”.
MTN generalı onun səhhəti ilə bağlı təyin edilən ekspertizanın hələ də keçirilmədiyini deyib: “Cənah hakim, siz ekspertiza təyin etmisiz, amma ekspert hələ də gəlib məni müayinə etmir. Onlar deyirlər ki, bununla bağlı məhkəmədən məktub daxil olmalıdır. Siz o məktubu göndərin ki, məni müayinə etsinlər”.
Hakim bildirib ki, bu məsələ artıq ekspertizalıqdır, onlar özləri həll etməlidir.
A.Çovdarov isə məhkəmə qarşısında şərt qoyub və təkrar aclıq edəcəyini bildirib: “Ekspertiza deyir məhkəməlikdir, siz deyirsiz ekspertizalıqdır. Əgər 2 gün ərzində bu məsələ həll olmasa, mən təkrar aclıq elan edəcəyəm, məhkəmə proseslərinə gəlməyəcəyəm. Sonra da cənab prezidentə açıq məktub ünvanlayacağam. Məktubda siz və prokurorluğun burada nə işlərlə məşğul olduğunu açıqlacağam”.
Məhkəmə prosesi fevralın 1-də davam etdiriləcək.