Biz eyni hərbi hissədə qulluq etmişik. Ailəli olduğu üçün ona həmişə yazığım gəlirdi. Gecə səhərə kimi yuxuda qızının adını sayıqlayırdı. Buna görə də təkcə əsgərlər deyil, zabit heyəti də bilirdi ki, Namiqin Günel adlı bapbalaca bir qızı var. Rabitə bölüyünün əsgərləri üzünü görmədikləri Güneli öz qızları kimi sevirdilər...
O vaxt Günelin cəmi bir yaşı vardı. Namiq onu anası ilə damın altında tək qoyub gəlmişdi. Hərbi xidmətə vaxtında getmədiyi üçün həmişə özünü lənətləyirdi. Dediyinə görə, valideynləri onu ordudan biryolluq tərxis etmək istəyiblər. Amma pulları çatmadığı üçün Namiq vətənə xidmət etmək məcburiyyətində qalıb. Balaca Günellə aralarındakı ayrılıq da bu üzdən yaranıb.
Hərbi xidmətdən sonra əsgər yoldaşlarımızın əksəriyyəti ilə əlaqəmiz kəsilsə də, Namiqlə ünsiyyətimiz davam edib. Mən Bakıda, o, rayonda yaşasa da, həmişə bir-birimizdən xəbərimiz olub. Orduda adı Namiqin dilindən düşməyən balaca Günel gözümün qabağında böyüyüb. Yaxşı günümüzdə də, pis günümüzdə də həmişə bir-birimizə həyan olmuşuq. Buna görə də Namiqin məndən inciyə biləcəyi heç vaxt ağlımın ucundan keçməyib.
Ötən ay Namiq yenə Bakıya gəlmişdi. Biz adətimizə uyğun olaraq, həmişə görüşdüyümüz restorana yığışdıq. Hal-əhval tutandan sonra o, gəlişinin məqsədini izah etdi: “Qızı istəyirlər. Yaxşı ailə olduğu üçün mən də, anası da bu işə razıyıq. Amma uşağın yaşı çatmadığına görə toy edə bilmirik. Gərək bu işdə bizə kömək edəsən”.
Azyaşlı qızların nigaha girməsinin əleyhinə olduğum üçün qanım bərk qaraldı. Amma Namiqin xətrinə dəymək istəmədiyim üçün könülsüz də olsa, ona necə kömək edə biləcəyimi soruşdum. Cavabı belə oldu: “Eşitmişəm ki, bizim başçı ilə yaxşı münasibətin var. Ondan xahiş elə, bizə bir parça kağız versin”.
Çiyinlərimi çəkib, təəccüblə ona baxdığımı görəndə, əsgər yoldaşım əvvəldən əzbərlədiyi sözləri dedi: “İcra hakimiyyətlərinin nəzdində xüsusi komissiyalar fəaliyyət göstərir. Bu komissiyalar ailə vəziyyətini nəzərə alıb, azyaşlı qızların vaxtından əvvəl ərə getməsinə icazə verə bilir”.
Belə bir iş üçün kiməsə ağız açmağım mümkün olmadığından onunla açıq danışdım: “Hara tələsirsiniz? Bir il gözləyin, qızın 18 yaşı tamam olandan sonra toy edərsiniz”.
Namiq əl-ayağa düşdü: “Qardaş, biz yox, oğlan evi tələsir. Oğlanın anası bir il əvvəl rəhmətə gedib. Dörd qardaş ataları ilə birlikdə damın altında tək qalıblar”.
Özümü saxlaya bilmədim: “Qızından bezmisən? Necə razı olursan ki, hələ 17 yaşı tamam olmamış qızın beş kişinin qabağında qulluqçu işləsin?”
Namiq o qədər pərt oldu ki, məclis başa çatana kimi ağzını açıb, bir kəlmə də danışmadı. Hətta gecəyarısı evlərimizə dağılışanda, mənimlə sağollaşmağı da “unutdu”.
P.S.Dünən eşitdim ki, iyul ayının 26-da Günelin toyudur. Oğlan evi polis rəisinə 500 manat rüşvət verəndən sonra toy etmək üçün qeyri-rəsmi icazə alıb. Allah xoşbəxt etsin!
P.P.S.Əsgər yoldaşlarım Namiqin məni toya çağırmamasının səbəbini belə izah etdilər: “İcra başçısı ilə danışmadığın üçün səndən bərk inciyib”. Cavabım qısa oldu: “Cəhənnəmə ki!”
Son xəbərlər
Son Xəbərlər