Məndən rüşvət istəyirlər... - Məmurdan şikayət

menden-rusvet-isteyirler-
Oxunma sayı: 3687

Zərdab rayon sakini Təbriz İsrafilzadə ondan rüşvət istənildiyi üçün “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, əlillik dərəcəsi almaq üçün 36 saylı Tibbi Sosial Ekspert Komisiyasına yaxınlaşan zaman ondan sənəd üçün 4 min manat rüşvət tələb olunub: “2012-ci ilin aprel ayında Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərildim. Hərbi xidmət keçdiyim vaxt bədənimin hərarəti yüksəldiyi üçün hospitala yerləşdirildim. Orada müayinə olunan zaman ürəyimdə çat olduğu müəyyən edildi və stasionar müalicə aldıqdan sonra hərbi xidmətə yararsız olduğum üçün təxris edildim. Bunu təsdiq edən bütün sənədlərim var. Buna görə mənə Bakıda Bankdan 2500 manat kompensasiya verildi. Bankdan mənə bildirdilər ki, əlillik dərəcəsi təyin edilsə, sənə əlavə 4000 manat da kompensasiya ödəniləcək”.

T. İsrafilzadə daha sonra əlillik dərəcəsi almaq üçün 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət edib. Ancaq orada ondan 4 min manat rüşvət istəyiblər: “İmkansız olduğumu və əlillik təyin ediləcəyi halda mənə əlavə 4000 manat kompensasiya veriləcəyini dedim. Mənə dedilər ki, həmin pulu gətir bizə ver, ondan sonra sənə əlillik dərəcəsi təyin edək. İstədikləri məbləği vermədiyim üçün Ekspert Komissiyası mənə əlillik dərəcəsi düşməməsinə dair qərar çıxartdı”.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı prezidentə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə , Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət ərizəsi göndərib. Həmin şəxslərə mətbuat vasitəsilə də müraciət edərək məsələnin araşdırılmasını xahiş edir.

Günel Hacı