“Mənə hədə-qorxu gəlirlər ki, yaşadığım yataqxanadan çıxım” - Azərbaycanlı alim

mene-hede-qorxu-gelirler-ki-yasadigim-yataqxanadan-cixim
Oxunma sayı: 6478

Sabunçu rayon sakini, azərbaycanlı alim Nazim Məmmədov illərdir yaşadığı yataqxanadakı evdən çıxarılmaq üzrə olduğunu deyir. 

“Qafqazinfo”ya müraciət edən N.Məmmədov bildirib ki, yaşadığı ərazidə “Almond Park” adlı şirkət bir müddət öncə söküntü işlərinə başlayıb. Bu zaman ona bildirilib ki, şirkət yaşadığı evi alacaq və həmin bina sökülərək yerində yenisi tikiləcək.

Onun sözlərinə görə, şirkət rəhbərliyi Nazim Məmmədova məxsus evin sənədlərinin qaydasında olmadığını əsas gətirərək ona pulun tam həcmdə ödənilməyəcəyini bildirib: “Mən ailəmlə birlikdə 2011-ci ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi: 2 ünvanındakı yataqxanada məskunlaşmışam. Oradakı 14 və 15 saylı otaqlarda yaşayırıq. Üç azyaşlı övladımla birgə ailəmiz 5 nəfərdən ibarətdir. Yataqxana vaxtilə Dövlət Neft Şirkətinin balansında olub. Həmin dövrdə şirkətin işçisi olduğum üçün yataqxanada 15 saylı otaq yaşayış sahəsi kimi bizə ayrılmışdı. Lakin 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildi. 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdim ki, məni qonşuluqdakı otaqlardan daha birini versinlər. Çünki ailə getdikcə böyüyür, şərait pisləşirdi. 2017 və 2018-ci illərdə Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbulunda oldum”.

Həmçinin oxuyun: Azərbaycanda bu şirkətin 5 milyonluq vergi borcu üzə çıxdı

Qəbuldan bir müddət sonra BŞİH və 147 saylı mənzil istismar sahəsinin razılığı ilə yataqxanada şəraitsiz və boş olan 14 saylı otaq Nazim Məmmədova verilib: “Həmin otağın sənədləşdirilməsi məqsədilə müraciət etməyimə baxmayaraq, yataqxananın qəzalı vəziyyətdə olduğunu əsas gətirərək mənə heç bir sənəd vermədilər. Hər iki otağı kredit götürüb təmir etdirdim. Hazırda ərazidə “Almond Park” şirkəti söküntü-tikinti işləri aparır. İndi onlar mənə təzyiq edib hədə-qorxu gəlirlər ki, otaqlardan çıxmalıyam. Bizə məxsus olan 2-ci otağın sənədi olmadığı üçün onu etibarsız sayırlar, ödəniş olunmayacağını deyirlər. İstəyim odur ki, tikinti nəzərdə tutulmuş ərazidə bizi yeni mənzillə təmin etsinlər”.

Şikayətçi qeyd edir ki, texnika üzrə fəlsəfə doktorudur. O, 2015-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda özəl şirkətlərin birində ekoloq alim kimi çalışır. Nazim Məmmədov 12 yaşlı böyük övladının fiziki məhdudiyyətli olduğunu da bildirir.

Məsələ ilə bağlı “Almond Park”la əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin 30 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Abdulla Abdullayev küçəsi 2 ünvanında yerləşən yataqxana binası texniki cəhətdən yararsız vəziyyətdədir: “Vətəndaş Nazim Məmmədova məxsus 15 kvadrat metrdən ibarət 15 nömrəli otaq üçün müvəqqəti kirayə müqaviləsi verilib. Şirkət tərəfindən vətəndaşa izah etməyə çalışdıq ki, vətəndaşın sözügedən otağa heç bir mülkiyyət sənədi olmadığı halda belə, şirkət tərəfindən bu otağa kompensasiya ödəniləcək. Əlavə olaraq bildiririk ki, vətəndaş digər 14 nömrəli otağı da zəbt edib. Belə ki, vətəndaşın bu otağa məxsus kirayə sənədi belə yoxdur. İzah etməyə çalışdıq ki, həmin otaq artıq “3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi”nin balansına keçməlidir. Keçdikdən sonra biz bu otağı razılaşdırmalıyıq. Onlar da öz növbəsində vətəndaşa bu barədə müraciət ediblər. Əgər vətəndaşla danışıqlar əsasında heç bir razılığa gələ bilməsək, göstərilən məsələlər üzrə məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

Amin Nəzərli