“Mənə məxsus torpaqda qanunsuz tikinti aparılır” - Video

mene-mexsus-torpaqda-qanunsuz-tikinti-aparilir
Oxunma sayı: 5591

Bakının Suraxanı rayonu, S. Mehmandarov küçəsində yerləşən 6 sot torpaq sahəm 20 günə yaxındır ki, zəbt olunub. Ərazidə bünövrə qazılıb, beton tökülüb və qanunsuz tikinti aparılır. Dəfələrlə polis orqanları tərəfindən tikintiyə müdaxilə olunsa da, bir müddət ara verilir, sonra yenidən inşaat işləri davam etdirilir”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhər sakini Samir Əliyev müraciət edib. O iddia edir ki, sözügedən torpaq sahəsi 2000-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam əsasında alınıb. Lakin ötən aydan etibarən ərazidə tanımadığı şəxslər tərəfindən inşaat işlərinə başlanılıb.

“Bu ərazi Xətai və Suraxanı rayonlarının kəsişməsində yerləşir və 2012-ci ilədək hər iki rayonun ərazisi sayılıb. Mənim əlimdə Xətai RİH tərəfindən verilmiş sərəncamım var, bütün sənədlərim qaydasındadır. Ötən ay torpaq sahəsinə baxanda gördüm ki, ərazidə tikinti işləri aparırlar. İradımı bildirdim, xəbərdarlıq etdim. Tikinti aparan şəxslər dedilər ki, burada tikintiyə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilib. “102” xidmətinə müraciət olundu və əraziyə polis əməkdaşları gəldilər. Onlar da tikintinin qeyri-qanuni olduğunu bildirib dayandırılmasını tələb etdilər. Bakı Şəhərsalma və Arxitektura Komitəsindən də gəlib tikintinin qeyri-qanuni olduğunu bildirdilər. Tikintini aparan şəxslərin heç bir sənədi yoxdur”.

S. Əliyevin sözlərinə görə, hazırda ümumilikdə 12 sot torpaq sahəsində tikinti işləri aparılır. Nə tikildiyi, kim tərəfindən tikildiyi məlum deyil:

“Bir müddət əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı, Ramin adlı şəxs bura yaxınlaşdı. Bildirdi ki, torpaq sahəsinin hər bir sənədi var. Bir sənəd göstərdi, orada yazılıb ki, Qaraçuxur ərazisi zavodun cənub-qərbində tikintiyə icazə verilsin. Biz bilirik ki, bu sənədin bizə aidiyyəti yoxdur, çünki zavodun cənub-qərbində xeyli torpaq sahəsi var. Biz tikintini kimin apardığını bilmirik, ancaq Hacı Vurğun adlı şəxsin briqadanın rəhbəri olduğu məlumdur. Onlar da yalnız tikintiyə cavabdeh olduqlarını deyirlər. Bu gün də polis əməkdaşları gəlib tikinti aparan şəxsləri bölməyə aparıblar. Mən də gedib izahatımı yazıb şikayətimi bildirmişəm”.

S. Əliyevin sözlərinə görə, günlərdir ki, ərazidə tikintinin qarşısını almaq üçün keşik çəkirlər. 

Şikayətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon təsərrüfatı şöbəsindən bildirildi ki, həmin ərazi Suraxanı ərazisi olduğundan onunla bağlı Xətai rayon icra başçısı sərəncam verə bilməz:

“Suraxanı rayonundan bir şəhid ailəsi iddia edir ki, qeyd olunan ünvanda uzun müddət istifadəsiz qalmış torpaq sahəsi ona məxsusdur. Samir Əliyev isə Xətai rayonundan saxta sərəncam gətirib ki, bu torpaq ona məxsusdur. Hansı ki, bu ərazi Suraxanı rayonu ərazisinə aiddir, bu əraziyə Xətai RİH başçısı sərəncam verə bilməz. Hər iki vətəndaşa deyilib ki, iddianız varsa, bunun hüquqi yolu var, məhkəməyə müraciət edin. Kimindirdsə, məhkəmə müəyyən edər və o da torpağında işini görər”.

İcra Hakimiyyətindən, həmçinin bildirilib ki, bu məsələ ilə əlaqədar Xətai RİH-yə sorğu verilib və cavab olaraq o yerin Xətai rayonuna heç bir aiddiyyətinin olmadığı və həmin vətəndaşa verilən sərəncamın saxta olması ilə bağlı arayış verilib.

Gülnar Əliyeva

Foto/Video: Nuran Məmmədov