“Məni 67 gün girov saxlayıb, 2 milyon dollarımı alıb, buraxıblar”

meni-67-gun-girov-saxlayib-2-milyon-dollarimi-alib-buraxiblar
Oxunma sayı: 7644

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahidlər zərərçəkmişlərdən iş adamı, “Kapital Bank”ın sabiq filial müdiri Hüseyn Səfərovun 67 gün MTN-də qanunsuz saxlanılması və ondan hədə-qorxu ilə 2 milyon dollar alınması epizodu üzrə ifadə veriblər.

İfadələr zamanı məlum olub ki, H.Səfərov həbsdə saxlanılarkən ailəsi pul toplamaq üçün onlardan borc alıb. Bundan sonra Səfərovun oğlu pulları MTN binasının arxasında Vüsal Ələkbərova verib.

Məhkəmədə şahid qismində dindirilənlərdən biri də MTN-in Baş İstintaq İdarəsinin keçmiş şöbə rəisi Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov olub. O, Hüseyn Səfərovdan dəniz vağzalındakı çayxanada “Çörçil” markalı tüfəngi hədiyyə qismində aldığını etiraf edib:

“Silahı qardaşım Hüseyn Səfərovdan götürməyi tapşırmışdı. Dedi ki, get, silahı götür, apar Binədəki ata evinə. Bizim evdə uşaq var. Mən də gedib silahı götürdüm, aparıb ata evinə qoydum. Vüsal demişdi ki, lazım olanda gəlib götürəcək”.

Hüseyn Səfərov Vüsal Ələkbərovdan tüfənginin geri qaytarılmasını tələb edib:

“2 milyon dolları ödəyib azadlığa çıxandan sonra Mövlam Şıxəliyev məni rahat buraxmayıb. Zəng edib deyirdi ki, silah istəyirəm. Əl çəkmirdilər, mən də məcbur olub istədiyi silahdan alıb, aparıb Vüsalın qardaşına verdim. Ya tüfəngi qaytarın, ya da pulunu verin. Mənim şikayətim təkcə Mövlam Şıxəliyevdən deyil. Onun keçmiş naziri Eldar Mahmudovdan, istintaqa nəzarət edən sabiq Baş prokuror Zakir Qaralovdan və onun birinci müavini olmuş Rüstəm Usubovdandır. Məni 67 gün girov saxlayıb, 2 milyon dollarımı alıb, buraxıblar”.

Hüseyn Səfərov keçmiş MTN rəhbəri Eldar Mahmudov, keçmiş Baş prokuror Zakir Qaralov və Baş prokurorun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılması ilə bağlı vəsatət verib: “Onlar dindirilməli və barələrində qanuni ölçü götürülməlidir”.

Məhkəmə Hüseyn Səfərovun vəsatətini baxılmamış saxlayıb.

Növbəti proses dekabrın 13-nə təyin olunub.

Qeyd edək ki, ittihama görə, general Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin, səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Amin Nəzərli