Bir dəfə də yazmışdım: dost-tanış elə bilir ki, mən həftədə ən azı iki dəfə Kəmaləddin Heydərovla çay içir, tədbirlərdə Ziya Məmmədovla yanaşı oturur, istədiyim vaxt Hacıbala Abutalıbovun kabinetinin qapısını təpiklə açıb içəri girirəm. İki-üç il əvvəl yaşadığımız binaya təbii qazın verilməsində fasilələr yarananda qonşularımızdan biri qabağımı kəsib, belə demişdi: “Müəllim, Rövnəq Abdullayevi görəndə, ona təpinərsən”.
Son vaxtlar efirə tez-tez çıxmağım analoji müraciətlərin sayının artmasına səbəb olub. Bəzən insanlar elə problemlərin həlli üçün məndən kömək istəyirlər ki, deməyə söz tapmıram. Məmur özbaşınalığı artdıqca jurnalistlərdən kömək istəyən, dərdini onlarla bölüşən adamların da sayı çoxalır. Qələmini satmayan beş-üç vicdanlı jurnalistin hesabına hələ də bəzi adamlar mətbuata ümid yeri kimi baxırlar. Bizim əlimizdən isə ancaq yazmaq gəlir...
Təxminən bir ay əvvəl tanımadığım nömrədən telefonuma zəng gəldi. Zəng edən adam Gədəbəy rayonunun Qızıltorpaq kəndində yaşadığını deyib, ədəb-ərkanla özünü təqdim etdi. Hal-əhval tutandan sonra bir problemlə bağlı danışmaq istədiyini dedi. Cavabım belə oldu: “Buyurun”.
Qısa pauzadan sonra bir qədər həyəcanlı səslə danışmağa başladı: “Ay oğul, ölülərimizi basdırmağa yer tapmırıq. Bizə kömək elə”.
Aydın məsələdir ki, heç nə başa düşmədim. Buna görə də ona belə bir sual verdim: “Ağsaqqal, Sizin probleminiz nədir? Mən necə kömək edə bilərəm?”
Sözümü ağzımda qoydu: “Dədə-babadan bizim kəndin qəbiristanlığının 4 hektar ərazisi olub. Bu ərazinin 3 hektarını keçmiş icra başçısı Kamran Rzazadə zəbt edib. Bizə qalan 1 hektarda isə boş yer yoxdur. Kənddə adam öləndə köhnə qəbirlərdən birini qazıb, meyiti orda basdırırıq”.
Ağlıma gələn ilk sual bu oldu: “Sizin rayonun icra başçısı, polisi, prokuroru yoxdur? Niyə dərdinizi onlara demirsiniz?”
Kişi səsini qaldırdı: “Var, ay oğul, var! Amma bizi adam yerinə qoymurlar...”
Üç-dörd gün əvvəl isə Goranboy rayonunun Qızılhacılı kəndində yaşayan bir müəllimlə danışdım. Dedi ki, vəzifəli şəxslərdən biri yerli bələdiyyənin əli ilə kənd camaatına məxsus olan 30 hektar torpaq sahəsini zəbt edib. O qədər çarəsiz idi ki, az qalırdı telefonda ağlasın: “Qardaş, mal-qaramızı otarmağa yer tapmırıq. Bu qədər ədalətsizlik olar?”
Dedim ki, mənim əlimdən ancaq yazmaq gəlir. Əlimdən gələni əsirgəməyəcəyəm...
Üzləşdikləri problemlərlə bağlı elektron poçtuma məktub yazanlar da var. Sabirabadda yaşayan bir fermer Bakıda təşkil olunan yarmarkalarda özbaşınalığın hökm sürdüyünü yazır. Binəqədi sakini isə nəqliyyatdakı problemlərdən şikayətçidir. Birinciyə Heydər Əsədova, ikinciyə isə Ziya Məmmədova müraciət etməyi məsləhət gördüm. Axı mən nazir deyiləm...
Bu cür neqativ hallar ona görə baş verir ki, nazirlər, icra başçıları, prokurorlar, polis rəisləri öz yerlərində deyil. Əgər beş nəfər yerindədirsə, on beş nəfər kefindədir. Amma həmişə belə davam edə bilməz.
Son xəbərlər
Son Xəbərlər