“Mənim qeybətimi etməyiniz “kişiyana” hərəkət olub”

menim-qeybetimi-etmeyiniz-kisiyana-hereket-olub
Oxunma sayı: 1950

Müsavat partiyasının Məclis üzvü Könül Şamilqızı Müsavatın yayım orqanında ("Bastainfo.com" saytı) bəzi müsavatçılara qoyulan embarqodan yazıb.

“Qafqazinfo” xəbər verir ki, K. Şamilqızı qeyd edib ki, bəziləri “Müsavat üzvləri” qrupundan onu çıxardıb, sonra da arxasınca dedi- qodu yazacaq qədər kiçiliblər: “Bu gün Müsavatın mətbuat orqanının nüfuzlu müsavatçılara tətbiq etdiyi embarqonu konkret faktlarla yazdım. Mustafa Hacıbəyli də gəldi, min dərədən su gətirdi, amma konkret faktlarla bağlı bir cümlə belə yazmadı və Müsavatda uzun müddətdir “arzuolunmaz” şəxslərə tətbiq olunan böhtan, qaralama, nüfuz sui-qəsdini səhifəmdə açıqca davam etdirdi. Yazdıqları və yazdıqlarım səhifədə qalır. Amma nədənsə, bununla içi rahat olmayıb, gedib bir də olmadığım “Müsavat üzvləri” qrupunda qeybətimi edib. Həm də çalışdığım iş yerimi başıma qaxaraq.

Allaha çox şükür, 9 ildir burada işləyirəm və siyasi kimliyimi də kimsədən saxlamıram. Bir cümləlik belə olsa ziqzaqım, siyasi mövqeyimə münasibətdə yanlışım yoxdur. İşimlə mövqeyim arasında ziddiyyət təşkil edən bir cümləmi göstərməyən əxlaqsız və alçaqdır. 

5 il əvvəl Arif Hacılı “Vitrində sizlər olmalısız” deyə Müsavat Məclisinə namizəd olmağım üçün şəxsən minnətçi düşəndə çalışdığım yerdə yenə çalışıram, yerim-yurdum dəyişməyib. 5 il sonra niyəsə xatırlayıblar ki, “saray televiziyasında” işləyirmişəm. Məntiqinizi yesinlər!

Sərt müxalifətçiliyə gəlincə, xalq bunu məndən yox, Müsavat rəhbərliyindən gözləyir - yuxarıdan aşağı başlasınlar, mən də dəstək verəcəm.

Rəsulzadənin şüarının yerinə şüar uydurmaqla olmur bu işlər.

Fərqli fikri olana düşmən münasibətinizi deyişdirərsiniz, etibar cəlladlığına son verərsiniz, partiya daxilində az-çox hörməti olan adamlarla deyil, rəqiblərlə mübarizə apararsınız, o zaman dəstək də, sayğı da görərsiniz.

Yoxsa belə şantajlar mənə sökməz. Olmadığım qruplarda nüfuz sui-qəsdiylə, etibar cəlladlığıyla məni susdurmaq olmaz. Deyəcəksiniz, eşidəcəksiniz!”.

Basta. info saytının rəhbəri Mustafa Hacıbəyli isə K.Şamilqıznın yazdığı statusa belə cavab verib:
“Son 10 ildə rejimin əleyhinə bir cümlə yazmayan, hətta Tofiq Yaqublu həbsdə olanda onun müdafiəsinə bir cümlə yazmayan Könül Şamilqızı məni Tofiq Yaqubluya qarşı embarqo qoymaqda günahlandırdı. Mən Tofiq Yaqublunun görüşləri, səfərləri haqda 6-7 link qoydum. Bir link də siz qoyun dedim. Qoya bilmədi. Görün, söhbəti hara aparıb çıxartdı”.

Bu rəydən sonra  daha da qəzəblənən K. Şamilqızı Mustafa Hacıbəylini yalançı, ikiüzlü, saxtakar və şantajçı adlandırıb: “Tofiq Yaqublunun ABŞ səfərinin linkini qoydunuzmu? Yox, min dərədən su gətirdiz. Yadigar Sadıqlının Novxanıdakı çıxışını niyə vermədiyinizi əsaslandırdınızmı? Yox. Mənimlə bağlı xəbərlərə embarqo tətbiq etmədiyinizi əsaslandıra bildinizmi? Yox. İsa Qəmbərə söyməyiniz faktından da sivişib yan keçməyə çalışdınız. Yetmədi, məni “saray jurnalisti” deyə şantaj eləməyə çalışdınız, amma yaddaşınız o qədər qısadır ki, iki həftə əvvəl “saray namizədi” ilə paylaşdığınız şəkilləri, təbrikləri unutdunuz, mən də onu xatırlatdım. Bu arada, olmadığm bir qrupda qeybət etməyiniz də çox “kişiyana” hərəkət olub, təbrik edirəm”.

Qeyd edək ki, qarşılıqlı ittihamlar bu cavabdan sonra da davam edib.