“Mənim rəngim millətimin rəngidir” - - Başar Kömür

menim-rengim-milletimin-rengidir-
Oxunma sayı: 980


 - Təşkilatınızın işləri necə gedir? Əsas fəaliyyət mərkəziniz nədir? 

- Bildiyimə görə, Azərbaycan Mədəniyyət Mərkəzi Avropada yaranan ilk təşkilatlardan biridir. 1993-cü ildə yaranıb. Təşkilatın qurucuları 1984-cü ildən Mayns şəhəri ilə paytaxtımız Bakı arasındakı qardaşlaşma münasibətlərinin yaradıcılarıdır. Təşkilatın yaranması da bunun nəticəsində olub. Yəni, əlaqələrimiz SSRİ dövründən başlayıb. Təşkilatın yaranması isə artıq Azərbaycan diasporunun yaranmasına gətirib çıxardı. Nəyə görə? Çünki Azərbaycan dövləti vardı. Dövləti olmayan bir təşkilatın formalaşması çox çətin olur. Dövlətimizin azadlığı bizim sevincimizdir. O, bizim burada təşkilatlanmağımıza səbəbkardır.

 - Siz təşkilata nə vaxtdan rəhbərlik edirsiniz? 

- 1998-ci ildə təşkilatın ilk sədri olan qardaşımız dünyasını dəyişdi. O, Azərbaycan diasporunun Almaniyadakı federasiyasının sədri idi. Bizim təşkilatımızın əsas məqsədi yaşadığımız ölkədə dövlətimizin, millətimizin mənafeyinə uyğun işlər görmək, onun irsini, mədəniyyəti tanıtmaqdır. 

- Başar bəy, Almaniya höküməti Azərbaycan diasporunun fəaliyyətinə nə qədər önəm verir? 

- Mənə görə, Almaniya dövlətinin ən böyük uğuru xalqının təşkilatlanmış olmasıdır. Burada hər bir ərazidə, hər bir məsələyə görə bir cəmiyyət yaranıb. Almaniya cəmiyyətlər ölkəsidir. Cəmiyyətlərin lobbiçiliyi ilə, siyasət, iqtisadiyyat və ictimaiyyət formalaşır. Almaniyada cəmiyyətlərin rolu çox böyükdür. Bizim cəmiyyətimizin də məqsədi bu formada iş görməkdir. İctimai həyatda iştirak etmək, ona təsir göstərmək əsas məqsədlərimizdəndir. Bunun nəticəsi olaraq insani münasibətlər ictimai münasibətlərin içərisində birləşir və bu, siyasi münasibətlərdə də özünü göstərir. Siz partiyalardan təkliflər almırsınız, istəyinizə görə gedirsiniz. Sizə görə, dövlətinizə millətinizə yaxşı yanaşan bir partiyada yer alırsınız. Biz ona deyirik ki, mənim rəngimi də qəbul edən siyasi partiyada mən olmalıyam. Çünki mənim rəngim millətimin rəngidir. Millətimin rənglərinə hörmət olan yerdə olmalı, orada söz sahibi olmalıyam. Mən 30 ildən çoxdur ki, NATO statusundakı Amerikan ordusunda məsləhətçiyəm. Orada cəmiyyətdəki həmkarlar təşkilatlarının çox böyük önəmi var. Onlar siyasəti də fromalaşdırırlar, çox təsir edirlər. Bu həmkarlar federasiyasında yer alanların bu ölkədə yeri var, hüquqda yeri var. 

- Diaspor təşkilatlarının hazırkı durumunu necə qiymətləndirirsizniz? Deyilənə görə, dünyada erməni diaspor təşkilatı daha güclüdür... 

- Erməni diasporunun tarixi çox qədimdir. 100 illik təşkilatlanmış rəsmi bir tarixi var. Biz 100 ildir işləyən bir təşkilata qarşı yeni yaranmışıq. 2001-ci ildə Azərbaycan diasporu, dövləti onun qanunla təşkilatını yaratdı. Bildiyiniz kimi, 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayı Bakıda keçirilmişdi. Həmin il Azərbaycana dünyanın müxtəlif yerlərindən minlərlə insan gəlmişdi. Orada diaspor işlərinin yaşadığınız ölkənin qanun-qaydasına, dünyanın da inkişaf edən siyasətinə görə formalaşmasından danışıldı. 2006-cı ildə bu daha da yüksək səviyyəyə qalxdı. Hazırda dünyada rəsmi şəkildə qedyiyyatdan keçmiş Azərbaycan diasporunun təşkilatları var. Bu təşkilatların fəaliyyəti ondan ibarətdir ki, hər kəs yaşadığı ərazidə həm ictimai işlərlərdə iştirak edir, iqtisadi həyatda rol alır, həm də siyasi məsələlərlə tanış ola bilir. 

- Məsələlərlə bağlı çox nikbin danışırsız... 

- Təbii ki. Bu gün gəldiyimiz nöqtə odur ki, Azərbaycan diasporunun arxasında dövləti, dövlətin siyasəti var. Xaricdə yaşayan insanın arxasında bir dövlət, bir qurum yoxdursa onun çox iş görməsi imkansızdır. Burada Azərbaycan dövləti rəsmi siyasətini ortalığa qoyub. Dövlətimizin gərçək nümayəndələri onun xaricdə yaşayan soydaşlarıdır. Dövlət bunu deyir. Bunun nəticəsi nə olur? Deyim... Almanyada azərbaycanlı millət vəkili var. Adi həkimdir, amma Yaşıllar Partiyasından millət vəkilidir. Demək istədiyim odur ki, artıq azərbaycanlı hər yerdə var. Bildiyimə görə, Yaşıllar Partiyasının "eş başkanı"nın ofisində çalışanlardan biri də azərbaycanlıdır. Artıq Azərbaycan diasporunun gəldiyi nöqtə olması gərəkən yerdədir. Biz burada artıq akademik səviyyədə təşkilatlanmalıyıq. Bizim burada təhsil alan tələbələrimizə görə proyektlərimiz olacaq. Alman dövlətində bunlar var. Amma biz istəyirik ki, onlar Alman dövlətinin layihələrinə xidmət etməsinlər, Azərbaycan dövlətinin, millətinin mənafeyinə görə işlər görsünlər. Getdiyiniz yerdə sizinlə əlaqəli nə istəsəniz deyə bilərsiniz, amma getmədiyiniz yerdə yox. Belə olanda özünüz deyər özünüz eşidərsiniz. Biz artıq Avropda, dünyanın hər bir yerində millətimizin yaxşılığına, barışına xidmət edən hər bir şeyə talibik. Gözəl olan yaxşı olan hər bir şeyə haqqımız var. Yaşadığımız ölkənin qaydalarında haqlarımız var, amma məsuliyyətimiz də var. Biz həm haqqımızı, həm də məsuliyyətimizi yerinə yetirməliyik. Azərbaycan xalqının, dövlətinin, millətinin nümayəndəliyi var. Siz indi burada bir səfirsiniz. Hər bir azərbaycanlı mənə görə xaricdə bir səfirdir, səfir olmalıdır.