Mənsum İbrahimov Azərbaycanı ilk dəfə... - Fotosessiya

mensum-ibrahimov-azerbaycani-ilk-defe-fotosessiya
Oxunma sayı: 709

Azərbaycan musiqiçiləri ilk dəfə olaraq Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil edilmiş Beynəlxalq etnik musiqi sərgisində (World Music Expo) iştirak ediblər. “Qafqazinfo”ya verilən məlumata görə, sərgiyə Azərbaycanla yanaşı, Britaniya, Rusiya, Argentina, Türkiyə, Yaponiya, Fransa, İran, İspaniya, Braziliya, Latviya və digər ölkələrin təmsilçiləri qatılıblar. Bu möhtəşəm sərgidə iştirak etmək üçün ayrı-ayrı ölkələrdən ümumilikdə 750 ərizə verilsə də, onlardan yalnız 30-u qəbul olunub.

Beynəlxalq etnik musiqi sərgisində Azərbaycanı Xalq artisti Mənsum İbrahimov və “Qarabağ” muğam qrupunun digər üzvləri – Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.

Sərgidə musiqiçilərimizə çıxış etmək üçün 45 dəqiqə vaxt ayrılıb. Təmsilçilərimizin çıxışı böyük rəğbətlə qarşılanıb. Azərbaycan incəsənət ustalarının CD diski musiqimizlə çox yaxından maraqlanan Kopenhagen Universitetinin kitabxanasına hədiyyə olunub.

Sərginin konsert müdiri Aleksander Valter Azərbaycan təmsilçilərinin çıxışına yüksək qiymət verib. Konsertin meneceri Avropa tərəfdən Natəvan Hüseynova, Azərbaycan tərəfdən isə Azad Azərbaycan radiosunun direktoru, aparıcı Emin Musəvi olub.

Səfər çərçivəsində Vətən cəmiyyəti və onun rəhbəri Səfər Sadiqinin təşəbbüsü ilə Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib.

Qeyd edək ki, 20 ilə yaxındır ki, Avropanın müxtəlif ölkələrində keçirilən Beynəlxalq etnik musiqi sərgisinin mərkəzi Berlin şəhəridir.

Nigar Məmmədli