“Şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm hansı ölkələrdə buna oxşar proqram icra edilir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
“Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib”, - deyən dövlət başçısı qeyd edib ki, mənzil proqramına Vətən Müharibəsi qəhrəmanları da daxil edilib.
"Mənim göstərişimlə biz mənzil proqramına Vətən Müharibəsi qəhrəmanlarını da daxil etdik. Onların bir qismi ölümündən sonra bu yüksək ada layiq görülüb, şəhid kimi onların ailələrinə dəstək veriləcək. Digər Vətən Müharibəsi qəhrəmanlarına dövlət tərəfindən keyfiyyətli, geniş mənzillərin verilməsi də artıq başlamışdır. Doxsana yaxın Vətən Müharibəsi Qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib. Yəni, dövlət imkan daxilində bu işləri görəcək və biz buna daha geniş prizmadan yanaşırıq. Təkcə müharibə əlilləri yox, bütövlükdə əlilliyi olan şəxslər dövlət tərəfindən daha böyük qayğı ilə əhatə olunmalıdır. Onları fəal işə, həyata cəlb etmək üçün, onların intellektual potensialından istifadə etmək üçün şərait olmalıdır. Bu, çox böyük əhəmiyyət daşıyır və yenə də deyirəm, bu siyasətin aparılması üçün bizdə gözəl milli ənənələr var. İndi dövlətin də imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır, o cümlədən bu il. Bu, mütləq daim diqqət mərkəzində olacaq".
Son xəbərlər
Son Xəbərlər