Sasseks hersoginyası və Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl İngiltərənin “The Mail on Sunday” qəzetinə qarşı məhkəmə işini udub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily mail” nəşri məlumat verib.
Amerikalı aktrisa 2018-ci ilin avqustunda atasına yazdığı məktubdan bəhs edən bir sıra məqalələr yayımladığı üçün sözügedən qəzeti və qəzeti nəşr edən “Associated Press” nəşriyyatını məhkəməyə vermişdi. Onun həyat yoldaşı Şahzadə Harri isə jurnalistlərin oxucuları çaşdırmaq üçün ifadələri kontekstdən çıxardığını bildirmişdi. İki illik məhkəmə prosesindən sonra Meqan Markl şəxsi həyatın toxunulmazlığı və məxfilik hüququ əsasında məhkəmədə qalib gəlib.
““Associated Press” və “The Mail” qəzetlərini qanunsuz və qeyri-insani əməllərinə görə hesabat verməyə məcbur etdikləri üçün hakimlərə minnətdaram. Onlar cəzasız qalaraq, uzun müddət bu taktikadan istifadə ediblər. Bu cür nəşrlər üçün bu, bir oyundur. Ancaq mənim üçün və başqaları üçün bu, real həyat, real münasibətlər və real problemlərdir”,- deyə Markl açıqlamasında qeyd edib.
Markl dünyanın etibarlı, təsdiqlənmiş və keyfiyyətli xəbərlərə ehtiyacı olduğunu vurğulayıb. O, buna baxmayaraq “The Mail on Sunday” və oxşar nəşrlərin tamamilə fərqli bir səviyyədə materiallar nəşr etdiyini qeyd edib.
“Bu qələbəni hər birinizlə paylaşıram, çünki hamımız ədalətə, həqiqətə və ən yaxşısına layiqik”,- deyə aktrisa əlavə edib.
O, həmçinin məhkəmə prosesində yardımlarına görə Şahzadə Harriyə, anasına və bir qrup mütəxəssisə təşəkkür edib.
Xatırladaq ki, Meqan Markl 2019-cu ilin oktyabrında özü və atası Tomas Markl haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə Böyük Britaniyanın ən böyük tabloidlərindən olan “The Mail on Sunday”yə qarşı iddia qaldırmışdı.
Sasseks hersoginyası nəşri atasına yazdığı şəxsi məktubdan sözlər və ifadələr çıxartmaqda və onlardan Markla qara yaxmaq üçün istifadə etməkdə ittiham edib.
Son xəbərlər
Son Xəbərlər