“Məqsədim UFC-də döyüşməkdir”

meqsedim-ufc-de-doyusmekdir
Oxunma sayı: 1456

“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasovun “FutbolPress”ə müsahibə verib. "Qafqazinfo" həmin müsahibəni təqdim edir.

- “UAE Warriors9” turnirində İqor Litoşikə qalib gəldin. Bu haqda danışardın...

- Yarış Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuşdu. Çox yaxşı hazırlaşmışdım. Rəqib həm yüksək reytinqli, həm də fiziki və texniki cəhətdən çox güclü idmançı idi. Ancaq mən də yaxşı hazırlaşmışdım. Bir məsələ də var ki, rəqib Rusiyadakı erməni klubunun üzvüdü. Ona görə aqressiya ikiqat artmışdı.

- Bunu əvvəldən bilirdin?
- Bəli. 1 ay əvvəldən xəbərim var idi. Düzdü, rəqibim braziliyalı olmalı idi. Ancaq onun dizində zədə yarandığından dəyişdirildi. Fərq etməz, kim olur-olsun döyüşmək lazımdı. Bu, mənim orda ilk döyüşüm idi. O da yaxşı nəticələndi.

- Rəqib erməni klubunu təmsil etdiyini hiss etdirirdimi?
- Fikir versəz, o, döyüşə də klubun köynəyi ilə çıxmışdı. Sağında erməni, solunda Rusiyanın bayrağı var idi. Bu mənə əlavə motivasiya oldu.

- Rəqib boyca səndən hündür idi. Bu, çətinlik yaratmırdı ki?
- 1,87 m. onun boyu idi, 1,75 m. mənim. Ümumiyyətlə, mən 84 kiloyam, boyum buna görə balacadı. Ancaq bu, fərq eləmir mənə. Düzdü, rəqib hündür olanda yaxınlaşmaq çətinləşir. Buna uyğun işləmişdim. Çünki bilirdim ki, rəqib ucaboydu. Çalışırdım hündür uşaqlarla məşq edim ki, buna uyğunlaşım. Ona görə də hazırlıqlı idim. “Qəbələ” İdman Klubuna da təşəkkür edirəm. Hər cür şəraiti yaratdılar.

- Bu qələbə reytinq baxımından necə təsir etdi?
- 3-4 yaxşı təşkilat dəvət göndərib ki, Bəxtiyar bizim yarışlarda vuruşsun. Ancaq mənim məqsədim başqadı. İstəyirəm ki, UFC-də döyüşüm. İnşallah, ona doğru gedirik. Mənim menecerim onlarla danışıq aparır. Gözləyirik, görək necə olacaq. Məncə, yaxşı olar.

- UFC-yə yol qısadı?
- Bəli, qısadı.

- Belə döyüşlər o səviyyəyə keçid üçün uyğundu?
- Rəqibim çox güclü idmançı idi. Onu asanlıqla udmaq çətindi. Döyüşlərinə fikir versəz, rəqiblərini boğucu fəndə salır. Mən isə parterdə ona qalib gəldim. Düzdü, 1-2 dəfə boğazımı götürmək istədi, amma buna imkan vermədim. 1 aydı buna hazırlaşırdım.

- Sizə təklif göndərən təşkilatlardan UFC-yə gedən yolu qısaldanı varmı?
- Var. Sadəcə, ad çəkmək istəmirəm. Bir az səbr eləmək istəyirəm. Nəticə alaq, sonra danışarıq.