“Məqsədim xalqa xidmət etməkdir” - Həkim Sakit Mirişov

meqsedim-xalqa-xidmet-etmekdir
Oxunma sayı: 3472

68 saylı Cəlilabad rayon kənd seçki dairəsindən deputatlığa namizəd həkim Sakit Mirişov təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.

“Qafqazinfo”nun məlumatına görə, Sakit Mirişov seçki kampaniyası dövründə Cəlilabadın Sabirabad, Adnalı, Bayxanlı, Gülməmmədli, Əliqasımlı, Xənəgah, Mikayıllı, Şötüklü və bir çox kəndlərindən olan seçicilərlə görüşüb. 

Deputatlığa namizəd Sakit Mirişov qeyd edib ki, bu seçki digər seçkilərdən fərqli olaraq Respublikada daha geniş səs-səda doğurub: “Prezidentin çıxışları və xalqı səsvermədə iştirak etməyə çağırması ilə əlaqədar olaraq hazırda respublika səviyyəsində son ilərin ən aktiv seçki dövrü yaşanır. Xalqın etimadını doğrulda biləcək və layiqli olan istənilən şəxsə səs verilməlidir. Əsas odur ki, seçkilərdə iştirak edib dövlət quruculuğunda iştirak edəsiniz. Hazırda bir çox aldığımız məlumatlarda bəzi şəxs və qurumların seçkini keçmiş metodlarla keçirməyə cəhd etdiklərini görürük. Provokasiyalara inanmayın və səsinizə sahib çıxın. Müstəqillik dövründə böyük addımlar atmışıq, lakin respublikamızda səhiyyə, təhsil sahələrində, eləcə də işsizlik və sosial sahələrdə problemlər hələ də qalmaqda davam edir. Bu rayonda 36 il fəaliyyət göstərən bir şəxs kimi rayon əhalisinin əksəriyyəti tərəfindən tanınıram. Məqsədim ölkə başçısının islahatlarına qoşularaq bu xalqa xidmət etməkdir. Xalqı etimad göstərdiyi və tanıdığı şəxslər təmsil etməlidir. Keçirdiyimiz görüşlərdə bu illər ərzində rayonda göstərdiyim fəaliyyətin nəticəsi olaraq çox böyük dəstək görürəm və seçilərəmsə bu dəstəyə layiq olmağa çalışacağam”. 

Qeyd edək ki, 68 saylı Cəlilabad rayon kənd seçki dairəsindən deputatlığa namizəd Sakit Fərhad oğlu Mirişov 1958 -ci ildə Cəlilabad rayon Şötüklü kəndində anadan olub. Orta məktəbi 8-ci sinifə kimi Biləsuvar rayonunda internat məktəbində, 9-10 -ci sinifləri Bakı şəhərində , kimya-biologiya təmayülli internat məktəbində oxuyub və oranı qızıl medalla bitirib. 1976-ci ildə Azərbaycan Dövlət Tibb İnstituna daxil olub və oranı Lenin təqayüdi ilə başa vurub.

Sonra Tatarıstan Respublikasının NABEREJNİ-ÇELNI şəhərində 7 il cərrah kimi fəaliyyət göstərib, növbəti illərdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında cərrah, Göytəpə şəhər xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb. Cənub zonasında ilk özəl tibb mərkəzini təsis edib. 2018-ci ildə “Cənub Naftalan” sağlamlıq və istirahət mərkəzini yaradıb.

Sakit Mirişov Cəlilabad rayonunun ən nüfuzlu şəxslərindən biri kimi tanınır.
 
Sakit Mirişovun əsas rəqibi politoloq Elman Nəsirov sayılır.