...Və bu isti avqust günlərinin birində o, dünyadan köçdü. Getdi torpağın altına. Nəbzi usandı, vurmadı. Ürəyi tab gətirmədi etdiyi haqsızlıqlara. Etdiyi bəd əməlləri görməmək üçün yumuldu gözləri. Və öldü.
Günəşli bir gündə qəfil çaxan ildırım kimi oldu bu xəbər. Hamı mat qaldı. İlk dəfəydi görürdüm ki, kiminsə ölüm xəbərini adamlar bir-birinə gülə-gülə, sevinə-sevinə deyir. Məsələn, mən yalnız Zori Balayanın və onun kimi qatillərin ölüm xəbərinin bu cür şadyanalıqla qarşılanmasına təəccüblənmərəm. Deməli, elə mübhəm məsələlər var ki, zoribalayanların hərəkətlərinə tay tutulur.
Öz hasar qonşusunun qızı olmazın sözlər deyirdi onun ünvanına. Deyirdi ki, keçən ay samovarları qaynaya-qaynaya, süfrələri açıq qalıb. Elçisi gəlməz olub. Mərhumə kəsib elçinin qarşısını, qızı o ki var, pisləyib...
Öz gəlinlərini boşatdırıb. Beş tifili gözüyaşlı ögey anaların əlində qoyub. Sonra o ögey anaların da başına olmazın oyunlar açıb. Belə əməlləri çox olub. Sayıb, könül bulandırmaq istəmirəm. Çünki indi o, haqq dünyasındadır.
“Ay qız, ye ey, doyunca ye, qoy ruhu baxıb infarkt olsun”-yas çadırında qadınlar qımışa-qımışa bir-birinə bu cür sözlər deyirmiş.
Çox kədərli mənzərədi. Bu qədər problemi həll edib sevinmək əvəzinə nəyə sevinirlər, gör: bir pis adamın bu dünyadan getməsinə. Ən kədərlisi isə insanların “pis adam” statusu qazanmasıdı. Xeyirxahlıq o qədər asandır ki! O elçinin qarşısını kəsməmək də olardı. Gəlinlər üzərində “qələbə çalıb” ev yıxmaq əvəzinə müdriklik göstərmək, özünü onların anasının yerində görmək lazım idi. Ehtiyacı olana maddi kömək edə bilməyənlər söz ilə ümid verə bilərlər. Bir kimsəsiz uşağın saçına sığal çəkmək, şirin dilli, xoşxasiyyətli olmaq bu qədərmi çətindi?
Kaş ki bədniyyətli, “pis adam”, “mərdümazar” statusuna sahiblənənlər belə hadisələri öz gözləri ilə görəydi. Bu dünyadan getdikdən sonra insanları kədərləndirmək də xoşbəxtlikdir. Bu cür xoşbəxtlik isə sağ olarkən qazanılır: xoş rəftarla, geniş ürəklə, şirin dillə, alicənab olmaqla, adicə sözlə!..
Adicə sözlə!..
Son xəbərlər
Son Xəbərlər