Mərkəzi Bankın kommunikasiya departamentindən bildiriblər ki, son vaxtlar kütləvi informasiya vasitələrində bank sistemində depozitlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar müxtəlif şərhlər verilməkdədi.
“Qafqazinfo”nun məlumatına görə, Mərkəzi Bank bununla əlaqədar bildirir ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir.
Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımayıb və may ayında bankların depozitlərinin həcmi bərpa olunub, aprel ayındakı azalmanı üstələyib.
Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40 faiz, 2013-cü ildə 25 faiz, cari ilin beş ayında 5 faiz artıb.
Zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. Bu bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidi.
Bir daha qeyd edirik ki, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdı.
Son xəbərlər
Son Xəbərlər