Mərkəzi Bankın ətrafı niyə tıxac olur?

merkezi-bankin-etrafi-niye-tixac-olur
Oxunma sayı: 1317

Bakıda nəqliyyatın hərəkətinin sıx olduğu, günün müxtəlif vaxtlarında tıxacların yarandığı əsas yerlərdən biri də Mərkəzi Bankın ətrafındakı küçələrdir. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, bu ərazidə, xüsusi ilə Füzuli küçəsinin Süleyman Rüstəm və Rəşid Behbudov küçələri ilə kəsişmələrinin ətrafında avtomobillərin avtobus dayanacaqlarının yerini zəbt etməsi, sarı xəttin tələbini pozaraq saxlanılması halları çox yaşanır. Bu səbəbdən də iritutumlu avtobusların dayanacağa yaxınlaşıb sərnişinləri düşürüb-götürməsi çətinləşir, tıxac səbəbindən intervalda dəyişiklik olur. Bəzi hallarda isə sərnişinlər avtobus sürücülərindən dayanacaqdan kənarda saxlamasını tələb edir, bununla razılaşan sürücü isə yol polisi tərəfindən cərimələnir.

Sayta müraciət edən sakinlər həmin ərazidəki vəziyyəti əks etdirən fotolar göndəriblər. Fotolardan və videogörüntüdən məlum olur ki, Mərkəzi Bankın arxasındakı və kənarlarındakı küçələrdə iritutumlu avtobusların hərəkəti yolun hərəkət hissəsini və avtobus dayanacaqlarının ərazisini zəbt etmiş avtomobillər səbəbindən çox çətinləşib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, paytaxtın mərkəzində yol-hərəkətinin təhlükəsizliyi müşahidə kameraları və səyyar polis naryadları tərəfindən təmin edilir. İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, kimliyindən asılı olmayaraq yol hərəkət qaydalarının pozmuş bütün sürücülər inzibati məsuliyyətə cəlb edilir: “Həmçinin avtobus duracağının zəbt edilməsinə görə cərimə nəzərdə tutulub və həmin minik abtomobillərinin sürücüləri də məsuliyyətə cəlb edilir”.