Mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıb.
Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edəcək. Əməkdaşlıq çərçivəsində həmçinin Demiroğlu Bilim Universiteti ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər tibbi tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda qurumların mütəxəssisləri arasında fəaliyyət sahələri üzrə teletibb əlaqələrinin qurulması layihəsi də ən qısa zamanda həyata keçiriləcək.
Qeyd edək ki, imzalanma mərasimindən sonra qonaqlar Mərkəzi Gömrük Hospitalında yaradılan şəraitlə yaxından tanış olaraq qaraciyər və böyrək transplantasiyası, yeni doğulmuş xəstə uşaqlarda aparılan ürək əməliyyatları haqqında ətraflı məlumat alıblar. Qeyd edilib ki, hospital tibbi və texniki təchizatına, qaraciyər və böyrək transplantasiyası kimi keçirilən əməliyyatlara görə Azərbaycanda ən müasir standartlara cavab verən tibb müəssisəsidir.


Son xəbərlər
Son Xəbərlər