Mərkəzi Klinikada 6 nəfərlik say düzəlməsə, peyvənd vurulmur

Mərkəzi Klinikada 6 nəfərlik say düzəlməsə, peyvənd vurulmur
Oxunma sayı: 2616

Mərkəzi Klinikada koronavirusla bağlı peyvənd olunmaq istəyən şəxslərin sayı 6 nəfərdən azdırsa, peyvənd flakonu açılmır.  

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, “Pfizer” peyvəndi üçün müraciət edən şəxslərin sayı 6 nəfər olmasa, klinika peyvənddən imtina edir. Müraciət edənlər ya növbəti vətəndaşları gözləməli, ya da, peyvənd olunmadan klinikanı tərk etməlidirlər. 

Bəs tibb müəssisəsi say çatışmazlığını əsas gətirərək peyvənd vurmaqdan imtina edə, vətəndaşa bu tipli tələb qoya bilərmi?

Artıq eyni məzmunlu bir neçə şikayətin olduğunu nəzərə alıb Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, “Pfizer-BioNTech” peyvəndinin ampulaları 6 nəfərin istifadəsinə uyğun şəkildədir: “Peyvənd itkilərinin olmaması səbəbindən bu say gözlənilə bilər. Uyğun vətəndaş sayı olmasa belə, heç bir halda peyvənd məntəqələrinə immunizasiyadan imtina etmələri haqqında göstəriş verilməyib”.

Qeyd edək ki, “Pfizer-BioNTech” peyvəndi Bakıda yalnız bir neçə tibb müəssisəsində tətbiq olunur. Onlardan biri də Mərkəzi Klinikadır.

Gülnar Əliyeva