“Qafqazinfo” xəbər verir ki, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri, istedadlı gənc rəssam Aida Mahmudovanın təşkilatçılığı ilə açılan sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş yeni kataloqu da təqdim edilib.
Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdikləri sərginin açılışında çıxış edən Aida Mahmudova deyib: "Məryəmin əsərlərində çox güclü müsbət energetika vardır. Çoxsaylı elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur". A.Mahmudova vurğulayıb ki, hələ gənc olmasına baxmayaraq, sənət aləmində yetərincə tanınmış Məryəm Ələkbərlinin əsərlərinin sərgisi dünyanın bir sıra məşhur incəsənət mərkəzlərində keçirilib.
“Bu qızın daxilində güclü bir istedad gözlənir. O, öz işləri ilə həmin istedadı tədricən bizim üçün açır”, - deyən Aida Mahmudova qeyd edib ki, Məryəm Ələkbərli Paris Ali İncəsənət Məktəbində təhsil alır.
A.Mahmudova demişdir: "Onun əsərləri insana ruh verir, mən ona daha böyük yaradıcılıq uğurları, enerji, hər işində ilham arzulayıram. Demək istəyirəm ki, o, heç vaxt təslim olmamalı və həmişə öz arzularını gerçəkləşdirməlidir".
Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev deyib: "Hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində nə isə bir əsrarəngizlik var və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır".
Gənc rəssamın əsərlərinin rəngarəngliyi, mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Elçin Əfəndiyev demişdir: "Bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur".
Məryəm öz əsərlərində görüb-duyduğu dünyanı məhəbbətlə əks etdirir.
İncəsənət aləmində kimisə heyrətləndirmək çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur hissi oyadır.
Sərgidə Məryəm Ələkbərlinin 50-yə yaxın əsəri nümayiş etdirilir. Ekspozisiya fevralın 8-dək davam edəcəkdir.
Son xəbərlər
Son Xəbərlər