Meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlərin nəzərinə

mese-fondunun-aciq-sahelerini-icareye-goturmek-isteyenlerin-nezerine
Oxunma sayı: 1446

“Dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb” 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir: “Bu da meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək. Sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Qeyd edim ki, hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir. Bu işlərin əsas məqsədi meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, bir sözlə sahibkarlar üçün əlverişli şərait yaratmaqdır. Meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər nazirlikdə yaradılmış xüsusi komissiyaya müraciət edə bilərlər".

Bu arada komissiyanın əlaqə nömrələrini təqdim edirik:
+994 12 510-32-93, 
+994 55 455-34-74.