Tanınmış hüquqşünas və media ekspert Ələsgər Məmmədli Nazirlər Kabinetinin ötən gün “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” verdiyi qərarların Konstitusiya və Meşə Məcəlləsinə zidd olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verib ki, ekspert sosial şəbəkədə bildirib ki, Nazirlər Kabinetinin məlum qərarından belə anlaşılır ki, meşədəki meyvələrin, yarpaqların və s. toplanması qadağandır: “ qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər. Çünki, İstənilən qərara dayanaq qanun olmalıdır. NK-nın dünən yenidən əl gəzdirdiyi qərar 1993-cü ilin dekabrında qəbul edilib. O zaman bugünkü Konstitusiya mövcud deyildi.
1995-ci ildən etibarən istənilən Nazirlər Kabineti qərarları Konstitusiyaya ziddirsə tətbiq edilə bilməz. Çünki, 1993-cü ildə qəbul olunan qərarlar 1995-Konstitusiyasına görə ziddiyət varsa tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun Konstitusiyaya uyğun yenilənməsini tələb edirdi.
Məsələnin mahiyyəti belədir:
1. Konstitusiynın 71-ci maddəsinin 9-cü bəndində deyilir ki, “IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.” Yəni qısacası, meşədə fərdlərin öz istifadəsi üçün meyvə toplamasını Qanun qadağan etməlidir. Nazirlər Kabineti qərar qəbul edərkən əgər “olmaz”, “qadağandır”, “cəriməsi var”- deyirsə, açıq hansısa Qanunun adına və müvafiq maddəsinə istinad etməlidir.
Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi də məhz Nazirlər Kabineti kimi qərarlar qəbul edənlərə xatırlatma edir: “X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər” Yəni, siz səlahiyyətlərinizi Allahdan almırsız, Konstitusiyadan alırsız. Orada bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır yazılmayıbsa, o zaman qadağa və cərimə qoya bilməzsiz.
2. Məsələnin 2-ci tərəfi Qanunla nəyin nəzərdə tutulduğudur. 30 dekabr 1997-ci il-də qəbul edilən Meşə Məcəlləsinin 53-cü maddəsi deyir: Maddə 53. Fiziki şəxslərin meşələrdə olması Azərbaycanın qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər. Azərbaycanın Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır. Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və müvafiq qanunvericilik ilə tənzimlənir. Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. Deməli, Məcəllə nəyi qadağan edir: Qırmızı kitaba düşənləri, Narkotik tərkibli bitkiləri, Bitkilərin və ağacların zədələnməsini Ayrıca qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə müəyyən məhdudlaşdırma və qardağa mümkündür. İndi gələk Nazirlər Kabinetinin dünənki qərarına. Qərarda bu istisnaları görmürük və bəhs edilən meşə meyvələrinin, yarpaqlarının toplanmasını birbaşa meşəyə dəyən zərər hesab edilir və hər hansı fərdi istifadə üçün fiziki şəxslərin meşədən istifadəsini istisna kimi göstərmir. Xüsusi qoruqlardan, parklardan yox, bütün meşə təsərrüfatından bəhs edir. Odur ki, Qərar Konstitusiyaya və Meşə Məcəlləsinə ziddir”.
Günel Türksoy