Məşhur aviaşirkətlər İran və İraq üzərindən uçuşları ləğv etdi

meshur-aviasirketler-iran-ve-iraq-uzerinden-ucuslari-legv-etdi
Oxunma sayı: 1944

İranın ABŞ-ın İraqda yerləşən hərbi bazalarına raket hücumundan sonra dünyanın bir sıra iri beynəlxalq aviaşirkətləri bu ölkəyə və onun üzərindən uçuşları dayandırıb.

“Qafqazinfo”nun “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, məlum olub ki, dünyanın aparıcı aviaşirkətləri İrana uçuşları dayandırıb və İraq və İran hava məkanında uçuşların qarşısını almaq üçün təyyarələrinin marşrutlarını dəyişdiriblər. Bura “Air France”, “Emirates Airline”, “Singapore Airlines”, “Malaysia Airlines”, “American Airlines”, “Delta”, “Lufthansa” və digərləri daxildir.

ABŞ Federal Aviasiya Administrasiyası döyüş tipli təyyarələr istisna olmaqla, digər Amerika təyyarələrinin İraq, İran, Körfəz və Oman üzərindəki hava məkanlarında uçuşunu qadağan edən bir bildiriş yayıb.

Federal Hava Nəqliyyatı Agentliyi də Rusiya aviaşirkətlərinə İran və İraqın hava məkanlarından istifadə etməməyi və Fars və Oman körfəzləri üzərindən uçmamağı tövsiyə edib.

***

Ukraynanın Baş naziri Aleksey Qonçaruk bu gün keçirdiyi brifinqdə hökumətin Ukrayna təyyarəsinin Tehran yaxınlığında qəzaya düşməsindən sonra İrana uçuşlara müvəqqəti məhdudiyyət tətbiq etdiyini açıqlayıb.

“Faciənin səbəblərini öyrənənə qədər Ukrayna aviaşirkətlərinin İran hava məkanında fəaliyyətini dayandırmaq qərarına gəldik. Səbəbləri dəqiqləşdikdən sonra qərara yenidən baxılacaq”, -deyə o, bildirib.

Onun sözlərinə görə, mövcud qadağa 9 yanvar saat 00: 00-dan qüvvədə olacaq.

Eyni zamanda, o, rəsmi Kiyevin qəzanın istintaqında iştirakda israr etdiyini söyləyib: “Bilirik ki, İran komissiyası istintaqa başlayıb. Artıq onlara ukraynalı mütəxəssislərin bu proseslərin iştirakçısı olmalarının vacibliyi barədə məlumat vermişik və bunda heç bir maneə görmürük”.