Məşhur “Squid Game” serialı ilə bağlı - Xəbərdarlıq

Məşhur “Squid Game” serialı ilə bağlı
Oxunma sayı: 5383

“Netflix”in dünya miqyasında izlənilən serialı olan “Squid Game” uşaqlarda şiddət meyillərini artırdığı əsas gətirilməklə İspaniyada müzakirələrə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya istehsalı serialda uduzanın öldürüldüyü uşaq oyunlarının İspaniyada bəzi məktəblərdə oynanıldığı və şiddət meyillərinin artdığı bildirilib.

Qeyd olunub ki, serial 16 yaşdan az şəxslər üçün yasaq olmasına baxmayaraq, kiçik yaşda uşaqlar da ondan xəbərdardırlar. Bəzi məktəblərdə oynanıldığı üçün Madriddəki məktəb müdirləri valideynlərə bununla bağlı xəbərdarlıq göndərməyə başlayıblar.

“Bu serialda çatdırılan dəyərlər və görüntülər inkişaf mərhələsində olan bağça və ibtidai sinif şagirdlərinə ciddi ziyan vura bilər”, - ispan mediasında yayılan xəbərlərdə deyilir.

Psixoloqlar da belə serialların uşaqlarda şiddəti normal kimi göstərən bəzi vacib psixoloji problemlər yarada biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

“Squid Game” İspaniya ilə yanaşı, Belçika və İngiltərədə də müzakirələrə səbəb olub.

Belçikada da bəzi məktəblərdə serialdakı şiddət ehtiva edən oyunların oynanıldığına dair xəbərdarlıq edilib.

İngiltərədə uşaqlar arasında sosial şəbəkələrdə bənzər oyunların oynanılmasına dair mesajların yayıldığı təsbit olunub.