“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, onun hansı ölkədə olması hələ də sual altındadır. Mətanət Əzizova ölkəni tərk etdiyi gündən ailəsinin Azərbaycandan çıxışına qadağa qoyulub. Bu səbəbdən o, ailəsi ilə görüşə bilmir. Ancaq sosial şəbəkələr vasitəsilə ailəsi ilə mütəmadi əlaqə saxlayır.
Biz də sosial şəbəkə vasitəsilə hüquq müdafiəçisinin özü ilə əlaqə saxladıq. O, hazırda səhhətində ciddi problem yarandığını bildirdi: “Hazırda Avropadayam. Sağlamlığımda ciddi problemlər yaranıb. 10 gün xəstəxana şəraitində müalicə almışam. İndi isə, ev şəraitində oktyabra kimi müalicəm davam edəcək. Həkimlərin məsləhətinə görə, hazırda yaşadığım ölkəni tərk edə bilmərəm. Müalicəmi yaşadığım ölkə öz üzərinə götürüb. Ona görə də, hər hansı bir işlə məşğul deyiləm. Həkimlər icazə vermir. Maksimum istirahət edir, stressdən uzaq olmağa çalışıram. Ona görə ki, hər bir stress xəstəliyimin ağırlaşmasına səbəb ola bilər”.
Mətanət Əzizova gec-tez oğlunun yanında olacağını vurğuladı: “İndi əsas sağlamlığımdır. Çünki oğluma sağlam ana lazımdır. Gec-tez oğlum yanımda olacaq”.
Qadın Krizis Mərkəzinin rəhbəri Leyla Yunusla bağlı ifadələrini verdiyini bildirdi: “Mən Leyla xanımın istintaqı ilə bağlı nə bilirsəmsə, demişəm. Heç bir əlavəm yoxdur. Leyla Yunusla bağlı hər hansı bir məlumatım olmadığına görə, rahat deyə bilərəm ki, ona qarşı heç zaman yalan ifadə vermərəm. Bu qətiyyən mümkün deyil”.
Mətanət Əzizova son həbslərlə bağlı da mövqeyini açıqlayıb: “Həbsdə olan insanlar vətəndaş cəmiyyətinin özəyidir. Onlar azadlıqda insanlar üçün daha çox faydalı ola bilərdilər. Bu həbslər QHT sektorunu bir sözlə, məhv etdi. Beynəlxalq aləmdə tanınmış hüquq müdafiəçilərini həbsdə saxlamaq ciddi təpki ilə qarşılanır. Bu həm də Azərbaycanın imicinə böyük bir zərbədir”.
Müsahibimiz səhhəti ilə əlaqədar Azərbaycanda baş verən son həbslər prosesi ilə bağlı olduğu ölkədə işlər görə bilmədiyini də qeyd etdi: “Xəstəliyim ilə əlaqədar heç bir işlə məşğul olmuram. Nə fiziki, nə də psixoloji yorğunluq olmaz. Onkologiya xəstəliyi müalicə olunandır. Amma buna zaman, vəsait və müsbət abi-hava lazımdır”.
Qeyd edək ki, Mətanət Əzizovanın rəhbəri olduğu Qadın Krizis Mərkəzinin ofisi Sülh və Demokratiya İnstitutunda yerləşirdi. Bu səbəbdən Leyla Yunusla bağlı istintaq başlayan zaman Mətanət Əzizova Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılmış, 6 saata yaxın dindirilmişdi. Bir müddətdən sonra onun evində axtarışlar aparılacağı bildirilmişdi. Adının çəkilməyini istəməyən etibarlı mənbə hüquq müdafiəçisinə həbs ediləcəyi barədə xəbər vermişdi. Bundan sonra Mətanət Əzizova gecə ikən ölkəni tərk etmişdi. Həmin vaxtdan bu günə qədər onun hansı ölkədə olmasından xəbər yoxdur.
Son xəbərlər
Son Xəbərlər