Mətbuat Şurasından icazəsiz mitinqə gedən jurnalistlərə - Müraciət

Mətbuat Şurasından icazəsiz mitinqə gedən jurnalistlərə
Oxunma sayı: 2778

Mətbuat Şurası Milli Şuranın bu günə təyin olunan mitinqi ilə bağlı jurnalistlərə müraciət edib.

“Qafqazinfo”ya verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.

Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır: “Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcək. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcək. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri belədir: (050 206 96 02; 055 288 95 53)”.

Mətbuat Şurası eyni zamanda, mitinqi işıqlandıracaq jurnalistlərə üzərində “Press” yazılmış gödəkçələrdə olmağı tövsiyə edib: “Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir. Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaq”. 

Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi