Metro-hamama xoş gəlmisiz!

metro-hamama-xos-gelmisiz
Oxunma sayı: 2275


Paytaxtda yaşamaq dünyanın hər yerinin  vətəndaşının bir nömrəli arzusudur. Guya “şəhərli”, “mərkəzli” olmağın bir başqa şan-şöhrəti var. İndinin  özündə də bölgələrimizin elə adamları var ki, paytaxta gəlmək, onu görmək xəyalı, arzusu ilə yaşayırlar. 

Elə bilirlər, biz kef çəkirik. Vallah da, oturun evinizdə, yerinizdə, ən azı təmiz havadan udub, saf sudan için, bizə də qibtə ilə baxmayın. Hələ oradakılar “metro” deyilən nədisə, ona minmək üçün nələri verməzdilər. Yerin altı ilə getmək, burdan girib, o başdan çxmaq. Hardaydı, bizdə o bəxt ki, köhnə “metro-baş”ını taxtdan salıb, yenisindən xeyir görək.

Təklif edirəm, Bakı Metropolitenin adına “hamam” kəlməsi da əlavə edilsin. Sadə və xalq dilində “hamam”. Bu hamamın bir tək suyu yoxdur, canı istəyən “sauna” da deyə bilər. Hətta çoxu metronu ikibaşlı vasitə kimi qiymətləndirir. İyirmi qəpiyini ver, həm istədiyin ünvana çat, həm də qəşəngcə tərlə, ən pis halda bogul.  Tərləməksə, tərs kimi iki cür olur. Bir tərləyib canından soyuqlamanı atarsan, bir də onun əksi, tərləyib xəstələnə bilərsən. Bu da bəxtəbəxtdi. Hələ metroya artıq tərləmiş adamın daxil olması oradakılar üçün dözülməzdi.  Deyirəm, nə yaxşı ki, yalnız ilin 3-4 ayını istilərlə keçiririk. Yoxsa, tərinə qahmar çıxmayanların əlində qalardıq. Pis, yanlış  başa düşülməsin, su, sabun deyilən bir şey var da, yəni gündəlik şəxsi gigiyenaya nəzarət bu qədərmi çətindir? Sadəcə yuyunmaq, hər kəsin ətirlənməsi deyə bir qayda  yoxdur. Xüsusən, kişilər, hətta gənc oğlanlar, siqaret qoxusu ilə tər qoxusundan elə bir üfunət dalğası yaradırlar ki, əldən söyməkdən başqa bir şey gəlmir. Ürəyində, dilinin altında nə qədər donquldanırsan  donquldan, həmin kəslərin ətrafdakıların onun ucbatından çəkdiyi əziyyət heç vecinə də deyil. Hələ metronun pik saatlarında sərnişinlərin aqubətini bilməmiş olmazsız. Guya metroya minən ictimailəşir. Bu da sizin ictimailəşmiş “qoxu” və ya qoxular. Yay günü soğansız yemək yeməyən, corabı tək ayağına yox, bədəninə “geyinənlər”, ayda bir dəfə çimənlər, özünü külqabıya döndərənlər..... Düzü, bu vəziyyətlərin fərqinə varmamaq da olar. Əgər yeraltında havlandırma, ventilyasiya sistemi işləsəydi. Məsəl var ,qatıq görməsək də, qatıqlı qab görmüşük. Azdan çoxdan gördüyümüz, eşitdiyimizcə, bizdən yad ölkələrdə metro qatarlarında, yeraltı “dünyada” ventilyasiya deyilən sistem işləyir. Bu sistem sayəsində sərnişinlər havasızlıqdan əziyyət çəkmir, boğulmur, narahatlıq keçirmirlər. Hətta indi çox ölkədə yerüstü metrolar daha aktualdır. Demirəm ki, avtobus, metro qatarına kondisioner qosulsun, baxmayaraq ki, geri qalmış dediyimiz ölkələrdə ictimai nəqliyyatda bu şəarət yaradılıb. Bir sözlə, metropolitenin qatarlarının adam daşıması, hələ buranın ideal nəqliyyat, işlək olmasına dəlalət etmir.

Yeni Metropoliten rəisinin gəlişi, bəzilərinin təbiri ilə desək, möhtəşəm oldu. Zaur müəllim metro keçidlərini ticarətdən azad etdi, amma “20 yanvar”a dəymədi də. Həmin tarixə hörmətlə yanaşdığındanmı, bilmirəm, təəccüblüdü. Yeni rəis metro qatarlarında, platformada olan reklam şitlərini, posterlərini də yığışdırtdı. Amma eks-rəis Tağı müəllimin bir zamanlar reklamdan qazandığı pulların yerini tapa bilmədi. Heç olmazsa əvvəl metro reklamlarını oxuya-oxuya yolu başa vururduq, yoxsa indi ya mobil telefon qurcalamalı olursan, ya da gözünü qarşıda oturanların ayaqqabılarına dikirsən. Söhbət abırlı-həyalı, camaat içində olduğunu qanan adamlardan gedir. 

Zaur müəllim metroya başçı təyin ediləndən metroda olmayan hadisə qalmadı, metro Tağı müəllimin  qarğışına keçdi. 

Amma metronun gediş haqqı stabil qalıb, bu da sərfəlidir. 

Bəs “hamam”ın suyu necə olacaq??