Metroda gediş haqlarına nəzarət Zaur Hüseynovdan alınıb? -

metroda-gedis-haqlarina-nezaret-zaur-huseynovdan-alinib-
Oxunma sayı: 1635


“Qafqazinfo”nun verdiyi xəbərə görə, “BakıKart”ın istifadəyə verilməsi ilə bəlli oldu ki, artıq metrodan istifadə üçün nəzərdə tutulan kartları metropoliten deyil, “BakıKart” satacaq. Bundan başqa, metroda gediş haqları da bu qurumun aparatlarında yüklənəcək. “BakıKart” həmçinin “BakuBus” avtobuslarında da xidmət göstərəcək. “BakıKart”ın təqdimatı zamanı layihə rəhbəri Ceyhun Əliyev bildirdi ki, onlar metropolitenə tabe olmayan ayrıca bir strukturdur.

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev də “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, “BakıKart”la bağlı bütün məsələlərə layihə rəsmiləri cavab verəcək və bu layihənin metropolitenə aidiyyatı yoxdur: “BakıKart” ayrıca bir strukturdur, bizimlə müqavilə əsasında işləyirlər. Özəl şirkət və ya dövlət qurumu olduğunu bilmirəm”.

Məsələ barədə hər iki strukturdan geniş məlumat verilmədiyi üçün ilk anlaşılan bu olur ki, metroda gediş haqları Zaur Hüseynovun nəzarətindən çıxarılıb.

Nəsimi Paşayev daha sonra açıqlamasında deyib ki, gediş haqlarına onlar nəzarət etməsə də, sonra pullar metropolitenin balansına yüklənir, amma: “Gediş haqlarını bizim balansımıza yönəldirlər, lakin plastik kartların pulunu yox”.

“BakıKart”ın layihə rəhbəri Ceyhun Əliyev isə açıqlamasında bildirib ki, avqustun 12-si saat 13:20-yə olan hesabata görə 78902 ədəd daimi plastik kart satılıb, yəni 157 min 804 manat.

Bəs vətəndaşların plastik kartlara ödədiyi pulların sonrakı təyinatı necə olur? “BakıKart” Metropolitenə tabe olan qurum deyilsə, kimə tabedir? Həm metroya, həm də marşrut avtobuslarına xidmət edən layihə hansı şirkətə məxsusdur? 

Bu suallarla bağlı müraciət etdiyimiz “BakıKart”dan bildirdilər ki, buna ancaq Nəsimi Paşayev cavab verə bilər. Metropoliten sözçüsü isə bildirdi ki, bu məsələlərdən məlumatsızdır: “BakıKart”ayrıca strukturdur və bu sualları da özləri cavablandırmalıdır". 

Xatırladaq ki, ötən ilin fevralın 27-də Tağı Əhmədovun “Bakı Metropoliteni”nin sədrliyindən çıxarılmasından sonra bir neçə maraqlı proses baş verib.

Prezidentin sərəncamı ilə Zaur Hüseynov bu quruma sədr təyin edilib və bunun ardınca yeni sədr islahatlara başlayıb. Ən səs-küylü qərar isə metrostansiyaların çıxışındakı dükanların yığışdırılması olub. Mediada bu mağazaların keçmiş sədr Tağı Əhmədova bağlı olduğu qeyd olunub. Təyinatdan 15 gün sonra, martın 12-də metrostansiyaların üzərində yerləşən “Sahil” ticarət mərkəzinin, bir gün sonra, martın 14-də isə “Moskva Univermağı”nın yanmasının da keçmiş və indiki sədr arasında çəkişmənin nəticəsində baş verdiyi qeyd olunub.

Daha sonra isə martın 24-də Zaur Hüseynovun göstərişi ilə metrostansiyalarda bütün reklam lövhələri və monitorları yığışdırılıb. İyulun sonunda metroda reklam lövhələri peyda olub və rəsmilər artıq reklam qəbul etməyə start verdiklərini açıqlayıblar. Ardınca isə hələ də cavabsız sualları olan “BakıKart” gəldi...

Murad Əhməd

“Qafqazinfo”