Hazırda elektrik enerejisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Bakı Metropoliteininin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, bildirib ki, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.
Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.
Elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.
***
Bakı Nəqliyyat Agentliyi yaydığı məlumatda qeyd edir ki, Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub:
"Elektrik enerji təminatındakı, mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən, həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək.
Paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlər nəticəsində svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib".
***
Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət bərpa olunub. Sərnişinlər stansiyadan istifadə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər