Meydan TV-nin yoxa çıxan əməkdaşı tapıldı

meydan-tv-nin-yoxa-cixan-emekdasi-tapildi
Oxunma sayı: 2880

Sentyabrın 16-da yoxa çıxan "Meydan" TV-nin əməkdaşı Şirin Abbasov DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri üzrə mübarizə şöbəsində saxlanılır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bundan əvvəl "Azadlıq" radiosuna Şirin Abbasovun yoxa çıxmasından məlumatsız olduğunu demişdi: "Əgər o, evindən çıxıb geri dönməyibsə, valideynləri və qohumları ərazi polis orqanlarına müraciət etməli, polis isə axtarışa başlamalıdır".

Sentyabrın 3-də Şirin Abbasov Mingəçevir hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmişdi.

"Meydan" TV jurnalistin saxlandığını ehtimal edir.

Sentyabrın 16-da "Meydan" TV ilə əməkdaşlıq edən iki xanım jurnalist - Aytac Əhmədova və rəfiqəsi də DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb, saat 21:00 radələrində sərbəst buraxılıblar.

Onlara "Meydan" TV-nin fəaliyyəti ilə bağlı suallar verilib. Televiziyanın rəhbərliyi bildirir ki, Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi haqda soruşublar.