Məzun dissertasiyaları

mezun-dissertasiyalari
Oxunma sayı: 1247


Təhsilin və elmin bəzi qayğıları ilə bağlı xırda yazılar yazanda kimlərsə bunu şəxsinə aid hesab edir və “bostanımıza daş atırsan” deyirlər. Belə yazılar bir nəfərin düşüncələridir, heç şübhəsiz yanlış da, qüsurlu da  ola bilər, amma bütün hallarda təhsil sisteminin daha təkmil olması məqsədilə atılan balaca, fəqət xeyirxah addımlar kimi qəbul edilməlidir. 

Azərbaycan ali məktəblərində həm bakalavr, həm magistr pilləsinin məzunları “buraxılış dissertasiyaları” yazır və “müdafiə” edirlər. Təhsil Nazirliyi müvafiq olaraq hər ikisi üzrə qaydalar və əsasnamələr hazırlayıb, özünün veb-səhifəsinə yerləşdirib. Bəri başdan deyək ki, bu “qocalmış” sənədlərdə xeyli qüsurlar, boşluqlar var və məsələ ilə bağlı bəzi mülahizələri bölüşmək istəyi də bu səbəbdən, eyni zamanda müdafiə proseslərində iştirak zamanı müşahidə etdiyimiz çətinliklərdən yarandı.

Sözügedən sənədlərin heç birində bakalavr və magistr dissertasiyalarının müdafiə üçün qəbul edilməsi və yaxud müəllifə qaytarılması, başqa sözlə hazırlıq mərhələsi, müdafiəsi və qiymətləndirilməsi proseduraları detallı, konkret təsvir olunmayıb. O da bir gerçəklikdir ki, ali təhsil müəssisələrinin özləri də mövcud boşluqları doldurmaq istiqamətində avtonom cəhdlər etmir və heç bir problemlə üzləşməmək üçün Təhsil Nazirliyinin sənədlərində təsbit oluna  qaydalardan kənara çıxmırlar.

Bəs məzun dissertasiyaları ilə necə davranılmalıdır?

Birinci, dissertasiyanın müdafiə üçün qəbul olunması məsələsinə toxunaq. “Şərti komissiya” təqdim olunan dissertasiyanı ya müdafiə üçün qəbul edir, ya da müəllifə qaytarır. Əsasnamədə qaytarılma prosedurası yoxdur və fikrimizcə bu hökmən olmalıdır, özü də hüquq dili ilə ifadə olunsa maddələrlə. Məsələn, qismən dəyişmələrin aparılması şərti ilə qaytarılır (dəyişmə ilə bağlı təbii ki, konkret iradlar, tövsiyələr göstərilir); əsasən dəyişmələrin aparılması şərti ilə qaytarılır; yenidən yazılma şərti ilə qaytarılır; başqa mövzuda araşdırma aparmaq tövsiyə olunur və s. Həm də bütün bu maddələr üzrə qaytarılma zamanı işin yenidən təqdim olunması üçün konkret müddət təklif olunur.

Müdafiə üçün qəbul edilən işin önü açıqdır. Lakin sənədlərdə bu mərhələnin təşkili ilə bağlı da detallı qaydalar hazırlanmalı, dekanların, “şərti komissiyaların”, elmi rəhbərlərin üzərinə düşən vəzifələr, onların səlahiyyətləri konkret olaraq göstərilməlidir.

Əsas məsələ qiymətləndirmə prosedurasındakı boşluqlardır. Hazırda buraxılış dissertasiyaları birbaşa 0-100 bal üzərindən qiymətləndirilir. Birincisi, hansısa araşdırma işini birbaşa belə böyük miqyasda obyektiv və dəqiq qiymətləndirmək çox çətindir. Fənlərin mənimsənilməsi bir neçə mövqedən bölünüb qiymətləndirilən kimi, dissertasiyaların qiymətləndirilməsi də bölünməlidir. Məsələn, 100 balın bir qismi, araşdırmanın texniki göstəricilərinə, bir qismi dizayna, bir qismi mövzunun nəzəri və praktiki əhəmiyyətinə, bir qismi məzmununa, biq qismi təqdimatın keyfiyyətinə görə verilə bilər, sonra yekun bal hesablanar. Qiymətləndirmədə ixtisas kafedralarına araşdırmanın xarakterinə uyğun olaraq hansısa faiz dəyişmə etməyə icazə də verilə bilər. Dünyanın bir sıra ali məktəbləri fənlərin və dissertasiyaların qiymətləndirməsini 100 üzərindən deyil 1000 üzərindən aparır. Çünki miqyas böyüdükcə dəqiqlik artır. Sonra 1000 bal çərçivəsində müəyyən olunan rəqəm faiz nisbəti ilə 100 bal çərçivəsinə uyğunlaşdırlır. Yəni, daha dəqiqi qiymətləndirmə üçün indi geniş tətbiq olunan  bu metodikadan da istifadə oluna bilər.

Digər bir məsələ dissertasiyalar üçün keçid balının sənədlərdə təsbit olunmamasıdır. Fikrimizcə, bu da sənəddə öz əksini tapmalıdır. Həm də magistr dissertasiyası üçün 100 ballıq sistemdə 51 keçid balının müəyyən olunması doğru deyil. Bakalavr işi üçün bu keçid balı indiki mərhələdə qala bilər, amma magistr işi üçün keçid balı 60 baldan aşağı olmamalıdır. Reytinqinə görə ilk beşlikdə olan ali təhsil müəssisələrinə isə keçid balını 75-ə qədər qaldırmağa icazə verilə bilər.