MİDA-nın ilk mənzil seçimi 31 saniyəyə bitib - Yenilənib

mida-nin-ilk-menzil-secimi-31-saniyeye-bitib
Oxunma sayı: 8988

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi bu gün yenidən keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin güzəştlə satışı prosesi elektron qaydada keçiriləcək. Satış prosesinin saat 15:00-da başlaması nəzərdə tutulub.

Qeyd edək ki, daha öncəyə planlaşdırılan satış prosesi baş tutmamışdı. Belə ki, satış başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Həmin vaxt bildirilib ki, güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb. 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.

***

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi start götürüb.

Sistem saat 15:00-da aktiv edilib və satış prosesi başlayıb.

Artıq ilk, mənzillər satılıb.

***

İlk mənzil sistem aktiv ediləndən 31 saniyə sonra seçilib.

Artıq seçilmiş mənzillərin böyük hissəsi üzrə müqavilələr imzalanmaqdadır.

***

MİDA-nın təxirə salınmış mənzil seçimi zamanı təqdim olunan mənzillərin hamısı artıq seçilib. Artıq 600-dən artıq mənzil üzrə müqavilələr imzalanıb.

Yaşayış kompleksində yerləşən 14 saylı binada yerləşən 27 mənzil tikinti prosesində iştirak etmiş investora təqdim edilib. Həmin şirkət qeyd edilən sayda mənzili bazar qiymətlərinə uyğun sərbəst şəkildə satacaq.

Seçilmiş mənzillər üzrə müqavilələr növbəti günün sonunadək imzalana bilər. Bu səbəbdən də bir sıra vətəndaşlar müqavilələri imzalamağa tələsmir.

Mənzillərin seçim prosesi bir neçə dəqiqədə başa çatıb. 25 dəqiqə ərzində isə 815 mənzildən 700-ə qədəri üzrə müqavilələr imzalanıb.

MİDA seçim prosesinin dəqiq neçə saniyədə başa çatması barədə əlavə ətraflı məlumat yayacaq.

Nizam Rzayev

Fotolar: Müzəffər İsmayılov