Mikayıl Cabbarov Dubayda səfərdə - Fotolar

mikayil-cabbarov-dubayda-seferde
Oxunma sayı: 3381

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, nümayəndə heyətinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev, energetika nazirinin müavini Kamal Abbasov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov,Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar daxildir.

Səfər çərçivəsində Mikayıl Cabbarovla BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib. Qeyd olunub ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İclasda Azərbaycanın iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əməkdaşlığının beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etdiyini, qarşılıqlı dəstəyə əsaslandığını bildirib və regional inkişafda rolunu vurğulayıb.

İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.

Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Azərbaycan nümayəndə heyəti BƏƏ-yə səfəri çərçivəsində bu ölkənin 4-cü Sənaye İnqilabı Mərkəzində olub. 

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumunun BƏƏ-dəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən qurumu “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ehtiva edir.