Mikayıl Cabbarova dəstək oldular

mikayil-cabbarova-destek-oldular
Oxunma sayı: 3641

Təhsil naziri Mikayıl Cabbarovun test imtahanları ilə bağlı səsləndirdiyi fikirləri təhsil ekspertləri də şərh edib.

“Qafqazinfo” eskpertlərin açıqlamalarını təqdim edir : 

Təhsil eksperti Şahlar Əsgərov

Testin bircə üstünlüyü var. Bu da onun ekspress olmasıdır. Yəni, qısa zaman ərzində abituriyentlərin hamısını imtahan etmək mümkündür. Amma dəqiqlik, şagirdlərin psixoloji durumunu nəzərə almağa test imkan vermir. Ona görə testin uğuru olduğu kimi, qüsuru da var. Bu baxımdan hesab edirəm ki, diqqətlə araşdırmaq lazımdır ki, harada o qüsurlara dözmək olar. Harada lazım deyilsə, ondan imtina etmək lazımdır. Amma biz “Təhsil Qanu”nu hazırlananda da təklif edirdik ki, ali məktəblərə qəbul imtahanları ilə orta məktəblərə buraxılış imtahanları vahid milli test şəklində olsun. Yəni, nəticələr həmin imtahan nəticəsinə uyğun olaraq sertifikatlaşdırılsın və onun nəticəsində də gənclər ali məktəbləri özləri seçsinlər. Son seçimi gənc özü etməlidir. Bunun çox psixoloji və fəlsəfi izahı var. Gənclər öz istədiklərini seçəndə daha həvəsli olur, gecələrini gündüzə qatıb oxuyurlar, öyrənirlər, mütəxəssis kimi yetişirlər. Amma onu istəmədiyi yerə göndərsən vaxtı gedir, dövlətin pulu gedir və ən pisi isə yaxşı mütəxəssis alınmır. Ona görə də burada dəyişikliyə ciddi ehtiyac var. Mən hesab edirəm ki, bu yöndə Təhsil Nazirliyinin atdığı addımları müdafiə etmək lazımdır.

Millət vəkili Fazil Mustafa

Test əzbərçilik yaradır, ancaq ən bəsit bir problemi həll edir: ali məktəbə qəbulu asanlaşdırır. Bilinən prinsip budur: qəbul asan, təhsil almaq və məzun olmaq çətin olmalıdır. Doğrudan da nitq, ritorika və yazı vərdişləri arxa planda qalır. Ancaq bunu məhz orta məktəb və ali məktəb mühitində çözmək lazımdır. Ona görə də test sualları asanlaşdırılmalı, buna şagirdin hədsiz enerji sərf etməsi məqsədəuyğun olmamalıdır. Şagirdin məktəbdəki müəllimlərin imkanları ilə ali məktəbə hazırlığının stimullaşdırılması lazımdır. Onsuz da xarici ölkələrə imtahansız qəbul bizdə testin sərtləşdirilməsini mənasız bir əyləncəyə çevirir. Muxtariyyəti olmayan, rektorun seçilmədiyi Azərbaycan universitetində ən vicdanlı Azərbaycan müəllimi ilə üz-üzə qalan abituriyentin qəbul labirintindən sağ çıxacağına heç bir zəmanət yoxdur. Öz həyat yolumuzda biz bunları yaşamışıq. Fikrimcə test sadələşdirilərək qorunmalıdır, nitq, ritorika, yazı vərdişləri isə dərs proqramları içərisində ciddi şəkildə aşılanmalıdır.

Elm və təhsil komitəsinin sədr müavini, Millət vəkili Bəxtiyar Əliyev

Biri var, şagirdin biliyini, biri də var ki, tələbə və ya şagirdin hansısa peşəyə biliyini qiymətləndirmək. Test adətən, bu və ya digər sahəyə olan qabiliyyətləri ölçür. Amma təəssüflər olsun ki, bu gün bu məsəldən yayınmışıq, qabiliyyətləri yox, bilikləri qiymətləndiririk. Ona görə də bu baxımdan təhsil naziri Mikayıl Cabbarovun dediyi fikri ilə tam şərikəm. Çünki test imtahanları zamanı şagirdlərin nitq qabiliyyəti, yazı vərdişləri ümumiyyətlə qiymətləndirilmir. Nitq bilavasitə təfəkkürlə bağlıdır. Təfəkkür və nitq vəhdətdədir. Təfəkkürün inkişafı etməsi üçün bu, olduqca vacib faktdır. Biz bunu qiymətləndirməli və nəzərə almalıyıq. Bu gün elə bir vəziyyət yaranıb ki, şagirdlər ali məktəblərə imtahan verən zaman onların yazı vərdişləri və nitq qabiliyyətləri kənarda qalır. Sonra ali məktəblərdə tədris prosesində bu, özünü neqativ şəkildə göstərir. Bu baxımdan da yəqin ki, bunu yenidən düşünməli, sistemə dəyişikliklər edilməlidir. Bu gün artıq Azərbaycanda Təhsilin İnkişaf Strategiyasına uyğun olaraq 12 illik təhsil sisteminə keçidə hazırlıq gedir. Ümumiyyətlə, ali məktəbə qəbul da artıq bu 12 illik təhsilə köklənməlidir. Bu baxımdan hesab edirəm ki, təhsil nazirinin irəli sürdüyü konsepsiya tamami ilə elmi əsaslara söykənir. Bu konsepsiya üzərində müvafiq qurumlar bir yerdə işləməlidirlər. Qaldırılan məsələ bu gün ən ağır məsələdir, biz onun üstündən keçə bilmərik və mütləq bu problem qaldırılmalı idi. 3 ildən sonra şagirdlər məktəbi yeni qaydalarla bitirəcəklər, ona uyğun istər peşə, istər ali məktəbə seçimini müəyyənləşdirmək üçün yeni qaydalar nəzərdən keçirilməlidir.

Qeyd edək ki, nazir müsahibəsində qeyd edib ki, test imtahanlarının forma ilə məzmunu bir-birindən fərqləndirilməlidir: “Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur”.