İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
***
FHN-dən bildirilib ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1986-cı il təvəllüdlü Yusifov Eltun Yaşar oğlunun idarə etdiyi “Mercedes-Benz VITO” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü E.Y.Yusifov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.