Millət vəkili əlillərin problemlərini həll etməyə çağırdı

millet-vekili-elillerin-problemlerini-hell-etmeye-cagirdi
Oxunma sayı: 1243


“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə sayı təxminən yarım milyon olan əlilliyi olan şəxslərin üzləşdiyi bir sıra problemlərin qısa zamanda öz həllini tapması vacibdir. Əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlərin olduğunu və bu istiqamətdə icra orqanları səviyyəsində ciddi addımların atılmasına ciddi ehtiyac olduğunu deyən millət vəkili bildirib: "Məşğulluq haqqında qanuna görə iş yerlərinin sayı 20-dən artıq olan müəssisələrdə əlillərin işlə təminatı üçün kvota qoyulub. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Hökuməti bu məsələyə ciddi nəzarət etməyə və əlillərin işlə təminatı məsələsinə xüsusi önəm verilməsinə çağırıb. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təminatı üçün addımlar atılmalıdır. Millət vəkili Qənirə Paşayeva ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilməsinin vacibliyini qeyd edib. Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili Qənirə Paşayeva dövlət ali məktəblərinə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilməsinin yaxşı addım ola biləcəyini deyib. Millət vəkili əlillərin peşə təhsili ilə bağlı ciddi işlərin görülməsinə ehtiyac olduğunu da deyib. O həmçinin bəzi əlillərin reabilitasiyası mərkəzlərinin səviyyəsinin ürəkaçan olmadığını və onların ciddi təmir olunmasının və ya standartlara uyğun səviyyədə yenilərinin tikilməsinin vacibliyini, qeyd edib. Millət vəkili Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evlərinin tikintisi məsələsinə də toxunub. Q.Paşayeva deyib ki, artıq iki ildir ki Qarabağ müharibəsi iştirakçıları üçün fərdi yaşayış evləri tikilmir. “Qarabağ müharibəsi əlillərinin evlə təmin edilməsi zamanı onların kənd yerlərində yaşayan əlillərə öz torpaq sahələrində, torpaq sahələri olmayanlar isə müvafiq qurumlar tərəfindən torpaqla təmin edilməlidir. Kənddə yaşayan və ailəsi təsərrüfatla məşğul olan Qarabağ müharibəsi əlilinə rayon mərkəzində ev verilməsindənsə yaşadığı ərazidə ev tikilməsi daha məqsədəuyğundur”. Millət vəkili bu il üçün kənddə yaşayan və fərdi ev tikilməsini arzu edən Qarabağ əlillərinin mənzil problemini həll etməyi təklif edib. O, hazırda yüzlərlə Qarabağ müharibəsi əlillinin hələ də evsiz olduğunu qeyd edərək, bu problemin surətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin artırılmasını təklif edib. “2008-1013 Dövlət proqramına əsasən növbədə olan Qarabağ müharibəsinin evlə təminatının başa çatması nəzərdə tutulsa da, istər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə Qarabağ müharibəsi əlili ev növbəsindədir və onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var.