Millət vəkili fəxri vətəndaş oldu

millet-vekili-fexri-vetendas-oldu
Oxunma sayı: 1264


“Qafqazinfo” xəbər verir ki, Giresun Bələdiyyə sədri Kərim Aksu tərəfindən irəli sürülən və Giresun bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən Qənirə Paşayevaya Türk dünyası üçün və Giresunun tanıdılmasındakı xidmətləri, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Giresun arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Giresunun fəxri vətəndaşlığı haqda sənəd təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva qələmə aldığı “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında “bir dost ilə sevdim” dediyi Giresunu bir giresunludan daha artıq tanıtması, sevgisi nəzərə alınaraq Giresunun Fəxri Vətəndaşı elan edilib. Bu münasibətlə Giresun vilayətində, Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti, Giresun Bələdiyyə sədri Kərim Aksu, Giresun Universitetinin rektoru Aygün Attar, Giresun rəsmiləri bölgə vətəndaşları və KİV-in iştirakı ilə  “Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi” təşkil olunub. `

Təqdimat mərasimində əvvəlcə çıxış edən Giresun Bələdiyyə sədri Kərim Aksu Qənirə Paşayevanı bir giresunludan daha çox giresunlu adlandırıb. “Mənim 5 illik Bələdiyyə sədrliyim dövründə Giresun Bələdiyyəsi olaraq 2 nəfəri fəxri vətəndaşlıq adına layiq görmüşük. Ancaq Qənirə Paşayevaya verdiyimiz adın xüsusi yeri var. Çünki Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyi üçün ürəklə çalışır. Eyni zamanda Azərbaycanın bizim qəlbimizdə xüsusi yeri var. O “bir dost ilə sevdim səni” adlandırdığı Giresunu o qədər gözəl şəkildə tanıdıb ki, bəlkə heç bir giresunlu belə edə bilməzdi. 

Biz Qənirə Paşayevaya fəxri vətəndaşlıq hüququ verməklə deyə bilərik ki,dünyanın bir çox yerində Giresunu təmsil edən vətəndaşımız var”. 

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili, onu “Fəxri vətəndaşlıq” adına layiq görən Bələdiyyə sədri Kərim Aksu və bu qərarı dəstəkləyən bələdiyyə üzvlərinə, Giresunu ona tanıdan və sevdirən Giresun Universitetinin rektoru Aygün Attara və onu vətəndaşı kimi qəbul edən giresunlulara təşəkkürünü bildirib.