Millət vəkili itkin düşən qızdan danışdı

millet-vekili-itkin-dusen-qizdan-danisdi
Oxunma sayı: 3793

Millət vəkili Qənirə Paşayeva Tovuzda qardaşı tərəfindən öldürlüdüyü iddia edilən, lakin bu gün sağ tapılan Zülfiyyə Məhərrəmova barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili 21 yaşlı Zülfiyyə ilə bağlı narahat olduğunu dilə gətirib:

“Bu ailəni çox yaxşı tanıyıram. 3 uşaqlı ailədə övladları ana tək min bir çətinliklə böyüdüb və gücümüzün çatdığı qədər hər zaman dəstək olmağa çalışmışıq. Zülfiyyə özü də hamı tərəfindən yaxşı qız kimi tanınır. Çox şükr tapıldı. Bir az əvvəl anası Sona xanımla danışdım. Bəzi yayılan dedi-qodulardan narahatdır. Zülfiyyənin qardaşı bir az əsəbi və dəcəl uşaqdır. Bacısını vurub və hədələyib o da qorxub ki gəlib yenə vurar qaçıb babasıgilin heç kəs yaşamadığı evində gizlənib. Orada huşunu itirib, ayılanda isə qonşunu xəbərdar edib. Ana və Zülfiyyə onsuz da kifayət qədər psixoloji travmalar yaşayıblar”.

Q. Paşayeva bildirib ki, sosial şəbəkələrdə müxtəlif fərziyyələrlə çıxış edənlər gənc qızın yaşadığı və yaşayacağı psixoloji travmaları düşünsünlər: “Rəsmi qurumlar və ailənin verdiyi informasiyalar məsələnin aydınlaşması üçün yetərlidir. Zülfiyyə indi xəstəxanadadır. İnşallah, yaxın saatlarda evinə dönəcək və həyata daha möhkəm sarılaraq yaşamağa davam edəcək. Ailəyə sosial yardımla bağlı rayonda bu sahəyə cavabdeh Elmir müəllimlə də danışdım və ailəyə ünvanlı sosial yardım verilməsi məsələsinə baxılacaq. Sona xanım Zülfiyyənin oxumaq istədiyini, amma ailənin imkanlarının çətin olduğunu deyir. Əgər təhsil almaq istəsə, əlimizdən gələn dəstəyi əsirgəməyəcəyimizi söylədim. Zülfiyyənin qardaşı isə hələ çox gəncdir və ümid edirik ki, yaşanan bu hadisədən dərs alacaq və kənd ziyalılarının, ağsaqalların məsləhət, öyüd-nəsihətlərini dinləyəcək və bir daha belə hallar təkrar olunmayacaq. Çox şükür ki, Zülfiyyə ilə bağlı ağır xəbər almadıq və inşallah arzularının arxasınca gedə biləcək”.

Günel Türksoy