“Qafqazinfo” xəbər verir ki, Ermənistanın atəşkəsi pozaraq evini hədəfə aldığı və öz evində silahla vuraraq yaraladığı Əlibəyli kənd sakini Etibar Tağıyevi xəstəxanada ziyarət edən millət vəkili Qənirə Paşayeva ona və ailəsinə bir daha keçmiş olsun diləklərini çatdırıb və müalicəsinin gedişi ilə maraqlanıb. Həkimlər yaralıya zamanında bütün yardımların edildiyini, müalicənin müsbət nəticə verdiyini və yaxın günlərdə Etibar Tağıyevin tam sağalaraq evinə dönə biləcəyini deyiblər. Etibar Tağıyevin ailə üzvləri Ermənistanın ailənin bütün üzvlərinin evdə olduğu axşam saatlarında evləri silahlarla hədəfə alaraq vurmalarını qeyri-insani addım adlandıraraq bu cür çirkin əməllərdən ən çox kiçik yaşlı uşaqların ciddi əziyyət çəkdiyini deyiblər və bildiriblər ki, hadisə zamanı evdə olan ailənin 3 məktəb yaşlı övladı atalarının bu şəkildə yaralanmasından ciddi sarsıntı keçiriblər.
Millət vəkili Qənirə Paşayeva Ermənistanın bu cür çirkin əməllərinə beynəlxalq təşkilatların, özəlliklə münaqişənin tənzimlənməsində rol oynamaq missiyasını daşıyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin duyarsızlığı barədə ailə üzvlərinin etirazlarının haqlı olduğunu deyərək, bunu hər bir azərbaycanlının ciddi şəkildə qınadığını deyərək baş verənləri bütün biganəliklərə baxmayaraq beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdıracaqlarını deyib. Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə Əlibəyli kəndində Ermənistanın atəşkəsi pozaraq silahlarla gülləyə tutduğu evləri, ailələri də ziyarət edib və Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq evləri hədəfə alması zamanı yaralanan Əliyev Rəşad Səfər oğlunu və ailəsini ziyarət edərək, keçmiş olsun diləklərini çatdırıb və ailə ilə geniş söhbətlər aparıb. Ailə, millət vəkilinə Ermənistan silahlı qüvvələrinin evi hansı növ silahlardan atəşə tutmasını, partlayan güllələri göstərib və körpə uşaqların, qadınların hədəfə alınmasını insanlıqdan kənar addımlar adlandırıb.
Son xəbərlər
Son Xəbərlər