Elazığın Fırat Universitetində Xocalı Soyqırımın 22-ci il dönüm ilə əlaqədar konfrans keçirilib. “Qafqazinfo” xəbər verir ki, mərasimdə Universitetin rektoru prof. Dr. Kutbeddin Demirdağ rektor köməkçisi Nuri Orxan professor və müəllim heyəti, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak edib.Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunması ilə konfransa start verilib. Daha sonra millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Xocalı soyqırımı” filmi nümayiş etdirilib.
Filmin nümayişi zamanı göz yaşlarını saxlaya bilməyən millət vəkili çıxış edərkən “bütün bu hadisələrin baş verdiyi dövrün şahidi olaraq bu filmlərə baxmaq mənimçün çox çətindir”,- deyib. Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Elazığın Azərbaycana verdiyi önəmi yüksək qiymələndirib. Onun sözlərinə görə, “Qarabağın işğalı edilmiş ərazisi olan Xankəndi adına məhəllənin olması, SSRİ dövründə təqiblərə məruz qalan və Elazığa gələn Almas İldırım, Türk dünyasının böyük şairi olan Bəxtiyar Vahabzadənin adlarına küçələrin olması Azərbaycan adlı parkın salınması bir azərbaycanlı olaraq məni çox duyğulandırdı. Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq”.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Sonda Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları universitetin kitabxanasına bağışlayıb. Eyni zamanda Fırat Universitetinin rektoru Kurbettin Demirdağa Azəraycanın tarixi və incəsənətinə həsr olunmuş hədiyyələr təqdim edilib. Rektorda öz növbəsində millət vəkili Qənirə Pşayevaya xatirə plaketi hədiyyə edib
Qeyd edək ki, konfransda millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.