Milli diplomatiyamız yeni dövrün fəaliyyət meydanında...

milli-diplomatiyamiz-yeni-dovrun-fealiyyet-meydaninda
Oxunma sayı: 1553

“Çağdaş dünyada gedən qloballaşma və inteqrasiya proseslərinin məcrasında - iştirak etdiyi bütün beynəlxalq görüşlərdə, apardığı yüksəksəviyyəli danışıqlarda dövlətçilik mənafelərini böyük təəssübkeşliklə müdafiə edən Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın beynəlxalq və regional problemlərinin həllində olduqca müsbət nəticələrdə öz ifadəsini tapır. Son 30 il ərzində baş verən hadisələrin xronologiyası öz-özlüyündə həyatın bütün sahələrində Azərbaycan siyasətinin davamlı uğurlarını əks etdirir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi gün Azərbaycan milli diplomatik fəaliyyətin başlanğıcı hesab olunur. Məhz bu tarixə istinad edərək 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.

Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada ölkənin diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.

1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalanıb. Bununla da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılıb. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edilib.

Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını yaradıb. Lakin bu qurum uzun illər boyu formal xarakter daşıyıb və heç bir praktik funksiya yerinə yetirməyib.

1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini bərpa etməsi faktı bütün dünya dövlətləri və BMT tərəfindən tanınıb.

C.Feyziyevin sözlərinə görə, 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çağırışı və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin qurulması prosesi milli diplomatiyamıza yeni nəfəs verdi. 

“Sonrakı illərdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yürütdü. Bu gün Azərbaycan irimiqyaslı regional və trans-regional layihələrin təşəbbüskarı və iştirakçısı qismində beynəlxalq əməkdaşlığı inkişaf etdirən və yüksək beynəlxalq nüfuza malik olan bir dövlətdir. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsinin nəticələrində özünü göstərdi”, - deyə fəlsəfə doktoru vurğulayıb.